“Sizin “Qarabağ”

sizin-qarabag
Oxunma sayı: 711

Üç ildir Ağdamın “Qarabağ” futbol klubu Avroliqada gözəl oyunlar nümayiş etdirir, insanlarımıza, futbol azarkeşlərimizə qələbə sevinci yaşadır. Burda mütləq bir sirr var. Bəs, bu sirr nədədir? Kimdədir?

İlk növbədə “Qarabağ”ın futbolçularını, onlardakı əzmi, iradəni, ruhu qeyd etməliyik. Sonra əlbəttə, komandanın yönəticilərini, yaxşı və rahat mühit yaradan insanların zəhmətini yada salmalıyıq. Həm komandanın prezidenti Abdolbari Gözəlin, həm vitse-prezident Tahir Gözəlin, həm daim “Qarabağ”ın hər addımına reaksiya verən klubun direktoru Əmrah Çəlikəlin, həm komandanın gənc mətbuat katibi Nurlan İbrahimovun, həm də çoxlu sayda adını bilmədiyimiz fədakar insanların sayəsində yaranıb bu sirr.

Amma, məncə, ən əsas sirr komandanın məşqçisi Qurban Qurbanovda gizlənib. O, tək bir məşqçi deyil, həm də ideoloqdur, filosofdur, xarizma dolu liderdir. Və “Qarabağ”ın uğurlarının əsas sirrinin məhz bu xarizmatik peşəkarda gizləndiyini söyləsək, yəqin heç kim inciməz. Qurban Qurbanov bizim Qarabağı qaytarmağımızın, sərhəd bütövlüyümüzü təmin etməyimizin düsturunu futbolda ortaya qoyub. Bir il öncə dünya çempionatı günlərində “Dəlicəsinə” adlı esse yazmışdım. Və orada futbolu həyatımızın kiçik modeli adlandırmışdım. İndi də düşünürəm ki, “Qarabağ”ın oyunu ilə Qurban Qurbanovun ortaya qoyduğu düstur ən doğru modeldir – GÜCLÜ OLMALIYIQ, ÖZÜMÜZƏ GÜVƏNMƏLİYİK, BİR OLMALIYIQ!

Qurban Qurbanov rəhbərlik etdiyi komandanın peşəkarlıq, ustalıq səviyyəsini yüksəltməklə düsturun birinci hissəsinə əməl edir. Komandada məhz milli oyunçulara güvənməklə ikinci - özünəgüvən məqamını ortaya qoyur. Üçüncü - bir olmalıyıq məqamı isə heç də tək ondan asılı deyil. Bu, həm də bizimlə - minlərlə, onminlərlə “Qarabağ”sevərlərin komandaya necə azarkeşlik etməsilə bağlıdır. Məhz onun peşəkarlıqla, ustalıqla yaratdığı səmimi, doğma (həm də milli!) mühitin nəticəsidir ki, futbolçular meydanda birdən-birə qeyri-adi enerji, ruh, güc ala bilirlər.

Öncə mən bu Ramazan günlərində oruc tutan futbolçularımızın niyyətlərinin çin olmasını, dualarının qəbul olunmasını arzulayıram. Bir müsəlman üçün ömrü boyu insanları sevindirmək, onlara xoşbəxt anlar bəxş etmək ən böyük savabdır. “Qarabağ”ın futbolçuları fədakar oyunları və vurduqları həlledici qollarla dəfələrlə yüzminlərlə insanımıza xoşbəxt anlar bəxş ediblər. Bu isə milyonlarla müsəlmana qismət olmayan səadətdir. Sizin dualarınız çoxdan qəbul olunub, əzizlərim! Elə Qurban Qurbanovun yaratdığı o sirli mühitin təsirindəndir ki, legionerlərlə dolu digər komandalarımızda illərlə ehtiyatda oturan oyunçu “Qarabağ”a gələn kimi əsas heyətdə yer alır, dalbadal qollar vurur. Dünən bizə qol sevinci bəxş edən Bəxtiyar Soltanov da bu taleyi yaşamış futbolçularımızdandır. Bəxtiyar “Qarabağ”dakı ilk Avroliqa oyunlarında qol vurandan sonra mətbuata müsahibəsində elə belə də demişdi: “Qarabağ”da özümü Vətəndəki kimi hiss edirəm”. Bax, Qurban Qurbanovun ən böyük sirlərindən biri də budur: oyunçuya elə mühit yaradılmalıdır ki, özünü VƏTƏNDƏKİ KİMİ hiss edə bilsin.

Bizim heyəti az qala bütünlüklə legionerlərdən ibarət komandalarımızın uğur qazana bilməməsinin səbəbi də burdadır - onlar qürbətdə oynayırlar. İnişil Vaqif Cavadovun “Qarabağ”dan “Tvente”yə yola salınması mərasimində çıxış edən komandanın vitse-prezidenti Tahir Gözəl bir əhvalat danışdı. Tahir bəy Londonda bir taksiyə oturub. Sürücü ondan haralı olduğunu soruşub. Azərbaycandan olduğunu biləndə “Sizdə yaxşı futbol oynaya bilirlər” deyib. “Bizim “Çelsi” “Rusenborq”la bərabərə qaldı, amma SİZİN “QARABAĞ” “Rusenborq”u yendi”. “Qarabağ” komandasının beynəlxalq oyunlarda uğurlar qazanması beləcə sadə insanların beyninə SİZİN “QARABAĞ” - Azərbaycanın “Qarabağ”ı kəlmələrini həkk edib. Bu mənada, “Qarabağ”ın beynəlxalq oyunlarda hər qələbəsi bütün xalqımızın uğurudur. Özü də bunu hər hansı təbliğat yolu ilə etmək qeyri-mümkündür. İşğal altında olan şəhərimizin – Ağdamın, işğal altında olan bölgəmizin - Qarabağın adı ilə uğurlar qazanan komanda hərb yolu ilə, təbliğat yolu ilə edə bilmədiyimizi futbol meydançasında qələbələrlə milyonlarla insanın beyninə hopdurur. “SİZİN “QARABAĞ”. Həm də bu işi hansısa braziliyalının, afrikalının, hansısa başqa əcnəbilərin əli ilə, ayağı ilə deyil, öz Rəşadlarımızın, Vüqarlarımızın, Əfranlarımızın, Rauflarımızın əzmi, gücü, peşəkarlığı ilə edir.

2009-cu il iyulun 23-də Ağdamın işğal günündə “Rusenborq”la oyunun nəticəsini əvvəlcədən demişdim. Və demişdim ki, stadion dopdolu olacaq, azarkeşlərin dəstəyi və ruhu oyunçulara sirayət edəcək, adaşım Rəşad Sadıqov qələbə topunu vuracaq. Dediyim kimi də oldu. O qələbə təkcə futbolçularımızın qələbəsi deyildi, həm də stadionu tam dolduran şövqlü azarkeşlərin qələbəsi idi. Dünən isə “Qarabağ”ın oyununu təxminən 9-10 min azarkeş izlədi. Stadionda çoxlu boş yerlərin qalmasının səbəbini istiylə, yayla, insanların məzuniyyətdə olması ilə, Ramazanla bağlayanlar var. Amma məncə, bu, bizim hələ ki millət kimi tam formalaşmadığımızın, BİR OLMAMAĞIMIZIN göstəricisidir. Nə qədər ki, ən ağrılı problemimiz olan Qarabağın adı ilə bağlı komandamıza elliklə dəstək verə, sonacan ona inamımızı göstərə bilmirik, deməli, ərazilərimizi də bütövləşdirməyə hələ tam yetişməmişik.

Dünən oyundan sonra Qurban Qurbanov mətbuat konfransında yenə də ustalıqlarını artıracaqlarını, yenə də legionerlərə yox, məhz milli oyunçulara güvənəcəyini söylədi, komandaya sonadək azarkeşlik edənlərə təşəkkürünü bildirdi. Amma bunu demədi: demədi ki, stadion dopdolu olsaydı və güclü azarkeş dəstəyini hiss etsəydilər, nəticə daha fərqli ola bilərdi. Amma hər halda...
…Qurban, SİZİN “QARABAĞ” lap yaxşı oynadı.