“Ştrasser məruzəçi yox, məzhəkəçidir”

strasser-meruzeci-yox-mezhekecidir
Oxunma sayı: 643

Mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikirləri sərt olub: “Məncə bu insanın soyadına diqqət yetirmək kifayətdir ki, məsələnin mahiyyətindən agah olasan. Digər tərəfdən isə Avropa ailəsinə səslənən bu cılız bəyanat Alman mediasının və onları təlimatlandıran məlum şəbəkənin qərəzli şəkildə Azərbaycan hakimiyyətinə yönəlik kompaniyası kontekstində qiymətləndirilməlidir.

Axı Evrovision beynəlxalq təşkilat və ya ümumi şərtlərlə qoşulduğumuz hər hansı bir konvensiya-filan deyil ki, nəticə etibarı ilə Azərbaycan öhdəlik daşısın. Evrovisionun Bakıda keçirilməsi halal qələbənin, birinciliyin doğurduğu səbəbdir, hər il qalib ölkə tərəfindən götürülən estafetdir. Adını diplomat qoyan biri bütün bunları bilmirmi? Yox əgər bilirsə bəs onda niyə vəzifəsinin gərəkdirdiyi işlər əvəzinə təyinatına, protokol çərçivələrə sığmayan bəyanatlar verir? Ştrasser məgər Avropa Şurası tərəfindən Azərbaycana “Evrovision”lamı bağlı məruzəçi təyin olunub? Nədir onu bu qədər hiddətləndirən? İnsan haqqlarıdırmı? Azərbaycanı, azərbaycanlını Ştrasser bu qədərmi sidq ürəkdən sevir? O zaman bir dəfə də olsa gedib Avropa tribunasında BMT qətnamələrinin icrasını tələb etsin, bütün dünyanın tanıdığı Xocalı qətliamından danışsın, ölkənin bir milyon qaçqını, Ermənistanın işğalçı siyasəti haqda həqiqətləri dünyaya bəyan etsin. Və ya səfirin özü üçün tərtib elədiyi fəaliyyət planı abstrakt mülahizələrə söykənirsə, bunu açıqca desin, biz də bilək.

Qısaca, bu imitasiyadan başqa bir şey deyil və fürsətcil insanların, onların təmsil olunduğu beynəlxalq şəbəkənin Azərbaycana qarşı qurduğu növbəti uğursuz oyundur. Belə oyunları hakimiyyət də, Azərbaycan xalqı da çox görüb və özü üçün lazım olan nəticələri çıxarıb. Çünki məkrli planın dərin mətləblərindən hər kəs xəbərdardır. O ki qala Ştrasserin özünə, məncə o məruzəçiliyi məzhəkəçiliyə dəyişməsin. Gedib özünə aid işlərlə məşğul olsun. Nə dünya, nə də Azərbaycan vətəndaşı Ştrasserin məsləhətləri ilə oturub-duracaq qədər kiçilməyib.