Susduğum gün və eşitdiyim mənasız danışıqlar

susdugum-gun-ve-esitdiyim-menasiz-danisiqlar
Oxunma sayı: 687

İki gün əvvəl iyulun 23-üydü. Ağdamın işğal olunduğu gün. Hamı, hər yerdə bu barədə danışırdı. Bir qrup ağdamlı da Şəhidlər Xiyabanına getdi. Ağdamı yada salmaq üçün. Hər il olduğu kimi.

Iyulun 23-də Ağdam barədə danışmadım və Şəhidlər Xiyabanına da gedib doğma şəhərimi yadıma salmadım. Çoxları gözləsə də, mən iyulun 23-ü barədə heç nə yazmadım.

Və yəqin ki, bundan sonra da belə olacaq.
Mən Ağdam haqda iyulun 23-də danışmaq istəmirəm. Mən Ağdam haqda bu gün, iyulun 25-də danışmaq istəyirəm. Yaxud sabah, biri gün, 5 gün sonra. Və yaxud sentyabrın 10-u, 15-i, noyabrın 7-si, dekabrın 30-u, yanvarın 24-ü və sairə. Yəni ilin 365 gününün 364-ünü mən Ağdamdan danışa bilərəm və danışıram da. Bircə iyulun 23-də Ağdam haqda danışmaq istəmirəm.

Çünki həmin gün Ağdam haqda danışan çox olur. İlin 364 gününü susub bircə həmin gün Ağdamdan danışanların səsi o qədər gur gəlir ki, adam danışmaq istəmir.
Nə isə. Bu gün iyulun 25-di. İndi danışmaq olar.
Dörd beş gün əvvəl Rusiya bloqerlərinin birinin səhifəsində qoyulmuş Ağdamın indisini əks etdirən şəkillərin altında belə bir şərh oxudum - “Dünyanın ən gözəl ölü şəhəri”.
Ağdam haqda bu qədər.

Qayıdaq qlobal siyasətdə Ağdam və ümumilikdə Qarabağ haqda danışanların danışdıqlarına.

İndi ən çox aktual olan Rusiya prezidenti Dmitri Medvedyevin qapalı saxlanılan son təklifləridir. Bu təkliflərdə nə var, demək çətindir. Amma diplomatik mənbələrdən sızan informasiyalarda bildirilir ki, Rusiya prezidentinin təkliflərinə cavabda İlham Əliyev əsas vurğunu Azərbaycanın ərzi bütövlüyünə və madrid prinsiplərində təsbit olunmuş referendum məsələsinə vurub. Deməli Medvedyevin yeni təkliflərində ədalət prinsiplərinin tam əks olunduğunu demək olmaz.

Rusiyanın ənənəvi mövqeyi qalmaqdadır. Buna görə də nə bu təkliflərin nə də Rusiyanın vasitəçiliyinin nəticə verəcəyini demək olmaz.

Bundan başqa bununla bağlı bəyanat və müsahibələrdən ibarət kifayət qədər xam malımız var ki, prosesin mənasız olduğunu sübut etsin.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov: “Hazırda müzakirə olunan prinsiplər hüquqi baxımdan mütləq deyil, siyasi sənəddir. Hesab edirəm ki, biz hüquqi baxımdan mütləq sənəd olan sülh sazişinin müzakirəsinə başlamalıyıq. Bunun vaxtı çatıb”.

Deməli hələ də üzərində baş sındırılan sənəd əhəmiyyətinə görə bundan əvvəlkilərdən bir addımda irəli getmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Bütün prinsiplərdə konsensus yoxdur”.
Bu danışıqların və ortaya çıxan yeni təkliflərin Azərbaycan üçün bir mahiyyət daşıdığını demək olar: 20 faiz torpağı işğal olunmuş dövləti ərazi bütövlüyünü hərbi yolla bərpa etməkdən çəkindirmək.

Bəli Rusiyanın məqsədi Azərbaycanın hərbi əməliyyatlara başlamaq vaxtını maksimum geri atmaqdır. (Amma bu məsələdə Rusiya ilə NATO-nun mövqeyi necə də üst-üstə düşür. Sanki rəqib yox müttəfiqdirlər.)

Rusiyanın Azərbaycan üçün mənasız təşəbbüsləri barədə bu qədər.
Qayıdaq “nə etməli?” sualına.
Ötən həftə bu barədə fikirlərimdən birini sizinlə bölmüşdüm. “Bayram Səfərov və Bako Saakyan” yazısında. (http://qafqazinfo.az/BAYRAM_S%C6%8FF%C6%8FROV_V%C6%8F_BAKO_SAAKYAN-1851-xeber.html)
Amma Bayram Səfərov Bako Saakyanla görüşüb danışası deyil. Ona görə yox ki, Bako Saakyanın əli qana batıb və Bayram Səfərov da onun əlini sıxmaq istəmir. Köçəryanın, Sarkisyanın əli Bako Saakyandan da çox qana batıb.
Amma bu da son deyil. Azərbaycanın bundan başqa da taktiki-manevr imkanları var. Bu məsələlərdə bir qədər çevik və mütəhərrik olmaq vacibdir. Çünki dünyada cərəyan edən proseslərin dinamikası ilə ayaqlaşmadan nəyəsə nail olmaq qeyri mümkündür. Mövcud situasiyada növbəti konkret taktiki-diplomatik addımlar barədə gələn dəfə.