Susuzluqdan ciyərim yandı, amma... - Reportaj

susuzluqdan-ciyerim-yandi-amma-reportaj
Oxunma sayı: 728

Artıq neçə illərdir ki, mətbuat səhifələrində milli parkdakı qiymətlərin anomal vəziyyəti işıqlandırılır. Məsələni yerində öyrənmək üçün dənizkənarı milli parka yollandıq. Köşklərdəki qiymətlərlə maraqlandıq. Eyni zamanda, sakinlərin razı və narazı qaldıqları məqamlarla da rastlaşdıq.

Əldə etdiyimiz məlumata görə, qiymətlərin tənzimlənməsi, bulvar idarəsinin tabeliyinə aid deyil. Coca-cola və Aquavita şirkətlərilə bağlanan müqavilələr əsasında sabit qiymətlər müəyyən olunur. Ona görə də, addımbaşı qarşımıza çıxan hər köşkün üzərində, həmin şirkətlərin reklam xarakterli şəkillərinə rast gəlmək olar. Əgər satıcılardan kimsə, özbaşına qiymət müəyyən edərsə, ona qarşı dərhal
cərimə tətbiq edilir.

Daha sonra, köşklərin üzərindəki tablolar diqqətimizi çəkdi. Öyrəndik ki,
burda gündəlik tələbat mallarının qiyməti göstərilir. Bulvar işçiləri ilə söhbət zamanı aydın oldu ki, alış-veriş zamanı tabloların üzərindəki qiymətlərə diqqət yetirmək daha münasibdi. Çünki satıcılardan kimsə süni qiymət artımı edə bilər.

Biz də ərinməyib, “Ya Allah” deyib, yolumuza davam etdik. Bir neçə satıcını sınaqdan keçirmək istədik. Bütün köşklərdəki qiymətlərlə ayrı-ayrılıqda maraqlandıq. 10-20 qəpik civarında dəyişən fərqli qiymətlərə rast gəldik. “Niyə meyvə şirəsini siz bu qiymətə, digər satıcı isə 10 qəpik baha qiymətə satır?”. Sualıma satıcı belə cavab verdi. “Bu onun öz işidir, özü bilər. Mənim insafım isə bundan artığına yol verməz”.

Doğrudur, insaf dinin yarısıdır, deyirlər. Vay o günə ki insaf da olmaya.

Bulvarda qaynar xətt xidmətləri də fəaliyyət göstərir. Hər hansı neqativ hallar baş verərsə, mütləq qaynar xəttə müraciət etmək lazımdır.

Namidə Bingöl