“Tatarits şeni dzmaa” – Gürcü məsəli

tatarits-seni-dzmaa-gurcu-meseli-
Oxunma sayı: 640




Gürcüstanın subyekti Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumidə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbova Batumi Dövlət Universitetinin Fəxri Doktoru diploma təqdim edilib. “Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimini Batumi Dövlət Universiteti Elmi Şurasının ən qocaman üzvü Quram Çaqanava açmış, universitetin prorektoru İrakli Baramidze Ali Məclis sədrinin tərcümeyi-halı barədə məlumat verib. Acarıstan MR təhsil nazirinin müavini Aida Abuşeridze, universitetin biznes və hüquq fakültəsinin dekanı Adam Maxaradze və Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişlər ki, Elmi Şuranın qərarı ilə Naxçıvan MR Ali Məclisi sədrinə Fəxri Doktor adının verilməsi Batumi Dövlət Universitetinin həyatında əlamətdar hadisədir. Bu, həm də Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin sədri demişdir ki, bu gün Naxçıvan MR-in nümayəndə heyəti üçün çox əlamətdar bir gündür. Qardaş Gürcüstanın Acarıstan MR Hökumətinin sədri Levan Varşalomidzenin dəvəti ilə dost ölkədə səfərdəyik. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsində mühüm rol oynayacağına inanır və bizi Batumiyə dəvət etdiyinə görə Levan Varşalomidzeyə minnətdarlığımızı bildirirəm.

Gürcüstan ilə Azərbaycanı tarixi əlaqələr birləşdirir. Bizim ulu babalarımız qonşuluq və qardaşlıq şəraitində yaşamışlar. Qədim bir gürcü məsəlində deyilir ki, “Tatarits şeni dzmaa”, – yəni azərbaycanlı sənin qardaşındır. Azərbaycan xalqına mənsub Koroğlu dastanındakı Gürcüoğlu obrazı xalqlarımızın qədim dostluğunun təcəssümüdür. Bəşəri dəyərləri özündə birləşdirən “Əli və Nino” əsəri gürcü-azərbaycanlı dostluğuna daha bir nümunədir.
Qeyd olunmuşdur ki, xalqlarımız arasındakı mənəvi yaxınlıq bədii yaradıcılığa da təsir göstərmiş, 7-ci əsrdə gürcü şairi Sabanidze milli qəhrəmanımız Babəkin azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir. Nizami Gəncəvi Gürcüstanın barlı-bərəkətli torpağını, cəsur oğullarını vəsf etmiş, Şota Rustaveli “Pələng dərisi geymiş cəngavər” əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərmişdir. Naxçıvanlı maarifçi Məhəmmədağa Şahtaxtlı Tbilisidə “Şərqi-Rus” qəzetini, böyük ədib Cəlil Məmmədquluzadə isə məşhur “Molla Nəsrəddin” jurnalını nəşr etdirərək buradan bütün Şərqə yaymış, Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Tbilisi rəssamlıq məktəbində yetişərək formalaşmışdır.

Ali Məclisin sədri demişdir: Azərbaycan-Gürcüstan əlaqələri böyük tarixi köklərə malikdir. Müasir şəraitdə bu köklər daha da dərinləşmiş, dostluğumuz və qardaşlığımız strateji xarakter almışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vahid coğrafi məkanda xalqlarımızın sıx birliyinin hava və su qədər vacib olduğunu nəzərə çatdıraraq demişdir: “Kür çayı həmişə Gürcüstandan axıbdır. Bundan sonra da axaraq gəlib Xəzər dənizinə töküləcəkdir. Azərbaycan nefti də neft kəməri ilə Gürcüstana, Gürcüstan ərazisindən isə Qara dənizə axacaqdır”.

Ali Məclisin sədri Batumi Dövlət Universiteti Elmi Şurasının qərarı ilə Fəxri Doktor adına layiq görüldüyü üçün universitetin Elmi Şurasının sədrinə və üzvlərinə təşəkkürünü bildirmiş, Fəxri Doktor diplomunu dostluğa verilən qiymət kimi dəyərləndirərək demişdir: Əmin ola bilərsiniz ki, sizin mənə göstərdiyiniz yüksək şərəfi, dostluq və qardaşlıq münasibətlərini, mənə verdiyiniz bu yüksək qiyməti bundan sonra da dostluğumuzu möhkəmləndirməklə doğrultmağa çalışacaq, Şota Rustavelli adına Batumi Dövlət Universitetinin Fəxri Doktoru adını şərəflə daşıyacağam.
Quram Çaqanava Elmi Şuranın qərarını oxumuş, Fəxri Doktor diplomunu və akademik geyimi-mantiyanı Ali Məclisin sədrinə təqdim etmişdir.

Ali Məclisin sədri Naxçıvanın simvolu olan Haça dağın əks olunduğu portreti, muxtar respublikanın tarix və mədəniyyətindən, sosial-iqtisadi inkişafından bəhs edən kitabları Batumi Dövlət Universitetinə hədiyyə etmiş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Təqdimat mərasimində Acarıstan MR Parlamentinin sədri Mixail Maxaradze iştirak etmişdir.