“Tellərin bəxtindən uzun”- Şeirlər

tellerin-bextinden-uzun-seirler-
Oxunma sayı: 659

MƏNİM

Nəfsim toxdu bu arada,
Sözüm oxdu, bu arada,
Dostum çoxdu, bu arada,
Biri uğurumdu mənim.

Bu qardaşdı, bu bacıdı,
Bu şirindi, bu acıdı,
Biri başımın tacıdı,
O biri arxamdı mənim.

Biri sözümü deyəndi,
Biri sözünü yeyəndi,
Biri özündən deyəndi,
Biri də darğamdı mənim.

Börküm də var, çuxam da var,
Suyum da var, arxım da var,
Tək at deyil, ilxım da var,
Biri də yorğamdı mənim.

Təyyardı, bütövdü sözü,
Başqa yox kimsədə gözü,
Bir Odu, bir də ki özü,
Əlində yaxamdı mənim...


ÜZDÜ MƏNİ

Tellərin bəxtindən uzun,
Bildirmədin çoxun, azın,
Əyrimi yazıldı yazın,
Durumun çox üzdü məni.

Səni yaman üzgün gördüm,
Gözlərini küsgün gördüm,
Həyatını miskin gördüm,
Durumun çox üzdü məni.

Bilmədim bu nə yazımış,
Bu oğlunmuş, bu qızınmış,
Taleyin belə yazılmış,
Durumun çox üzdü məni.

Bəxtinə bu ölkə düşdü,
Həyatına kölgə düşdü,
Həsrətinə bəlkə düşdü,
Durumun çox üzdü məni.

Təyyardı bu, dərdi duyan,
Nə yatmısan, bəsdi oyan,
Səni bu günlərə qoyan
Durumun çox üzdü məni.


GEDƏCƏM

Bir yol var uzaqda gözləyən məni,
Bu yola ad qoyub, adla gedəcəm,
İgidin muradı atdı deyirlər,
Gözündən cin çıxan atla gedəcəm.

Atlanıb minəcəm bir kəhər ata,
Çapacam qan tərə at, bata-bata,
Sinəcəm yalına mənzilə çata,
Yəhərsiz, yüyənsiz atla gedəcəm.

Təyyaram, bu yola yatdı ürəyim,
Yormaz yollar məni, atdı dirəyim,
Bağla qanadını gözlə, mələyim,
Dırnağı yer qazan, Atla gəlirəm...




QARABAĞLIYIQ

Bəxti qara, Qarabağın,
Qəlbi yara, Qaqrabağın,
Bu nə haray, Qarabağım,
İllərdir sinədağlıyıq,
Hamımız QARABAĞLIYIQ.

Dağlar qarda, bu gün qardaş,
Ellər sarda, bu gün qardaş,
Vətən darda, bu gün qardaş,
Təbrizliyik,Bakılıyıq,
Hamımız QARABAĞLIYIQ.

Savalandı dağ vüqarım,
Bazardüzü, Baba dağım,
Kəleybərim, Babək qalam,
Aranlıyıq, ya dağlıyıq,
Hamımız QARABAĞLIYIQ.

Ürəklərdə od bizimdi,
Tüstülənən yurd bizimdi,
Bu gün təkcə ad bizimdi,
Biz necə dəliqanlıyıq,
Hamımız QARABAĞLIYIQ.

Bu nə avaz, bu nə səsdi,
Oxudun səbrimi kəsdin,
Yetər artıq, duraq bəsdi,
Ağdamlıyıq, Şuşalıyıq,
Hamımız QARABAĞLIYIQ!!!