Özünü yol idarəsinin işçisi kimi təqdim edən şəxs Musavat.com-un hadisə yerindəki əməkdaşına bildirib ki, bu, yolun genişləndirilməsi ilə əlaqədardır. O, ağacların kütləvi şəkildə kəsilməsini 2015-ci Avropa oyunlarına hazırlıqla əlaqələndirib.
Ərazidə yaşayan sakinlər iddia edirlər ki, onların köçürülməsinə hazırlıq gedir. Çünki, hökumət yeni açılacaq metro stansiyası ətrafında yaşayış evlərinin olmasını istəmir.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya bildirib ki, sözügedən ağacların kəsliməsi nazirliklə razılaşdırılıb: “Həmin ağaclar yolun genişləndirilməsi məqsədi ilə kəsilir. Çünki o ağacların yaşı çox olduğu üçün onların köçürülməsi mümkün deyil. Nazirlik tərəfindən verilən icazə isə o şərtlə qəbul edilib ki, hər kəsilən ağacın yerinə 10 ağac əkiləcək. Ağacların kəsilməsi qanuni hallarda da mümkündür. Bu ağacların kəsilməsinə qərar verilərkən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr 173 saylı qərara istinad olunub. Həmin qərarla təsdiq olunan Azərbaycan Respublikasının Meşə Fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydasının 7-ci bəndinin tələbinə uyğun olaraq dövlət ehtiyacı üçün ağacların kəsilməsi ETSN ilə razılaşdırılmalıdır. Yolun genişləndiilməsi də dövlət ehtiyacı olduğu üçün ağacların kəsilməsinə qeyd olunan şərtlə razılıq verilib”.
Son xəbərlər
Son Xəbərlər