“Ötən gün görürəm ki, uşaqlar soyuq olduğu üçün bir küncdə büzüşüb oturublar”.
Göyçay rayonunda 5 azyaşlı uşaq və valideynləri döşəməsi və tavanı olmayan yarımtikilədə yaşayır. Bu barədə “Qafqazinfo”ya məlumat verən uşaqların xalası Nailə Aşurovanın sözlərinə görə, qaz, işıq, su olmayan bu yerdə yağış yağan zaman yaşamaq lap mümkünsüz olur. Artıq 1 ildən çoxdur ki, burada yaşayan ailə iş üçün Bakı, Moskvaya getsə də, yenidən rayona qayıtmalı olublar:
“Həyətimizdəki yarımçıq tikilini verdim ki, birtəhər yaşasınlar. Mənim də əlimdən gələn ancaq budur. Yağış yağan zaman orada yaşamaq mümkün deyil. Nə tavanı var, nə də döşəməsi. Torpağın üstündəki köhnə palaz ayaq isidər? Yoxsa “klyonka” yağışı, qarı saxlaya bilər? Müayinə olunsalar, bəlkə də hamısı vərəm xəstəsidir. Evdə işıq, su, qaz, bir sözlə, heç nə yoxdur. İçi tamamilə boş olan bir soyuducuları var vəssalam. O da nəyə lazımdır?”.
Nailə xanımın sözlərinə görə bacısı Lamiyə evdar qadındır. Həyat yoldaşı isə fəhləliklə məşğul olur. Ancaq son vaxtlar iş olmadığından bir həftəyə 5 manat qazana bilər, ya yox:
“Həyat yoldaşı fəhləlik edir. Ancaq elə olur ki, aylarla iş olmur. Böyük uşağın 10, kiçiyin isə 1 yaşı var. Uşaqların üçü məktəbli olsa da, paltarları olmadığı üçün dərsə getmirlər. Həm də yeriməklərə taqətləri yoxdur. Yemək yeməyən uşaqda nə hal olacaq? Günlərlə quru çörək almağa imkanları olmur”.
Ailə Göyçay rayon İcra Hakimiyyətinə və bir neçə dövlət qurumuna müraciət etsə də, bir nəticə olmayıb.


Son xəbərlər
Son Xəbərlər