Ötən həftə Doktor Cavad Heyətin ölümündən sarsıldığımız günlərdə Güney Azərbaycandan aldığımız başqa nigaranedici xəbər narahat ürəklərimizi bir daha ağrıtdı. Avqustun 14 də Savalan yolçuluğuna çıxan soydaşlarımızın həbs edilməsi ilə İran hakimiyyəti ən adi bəşəri hüquqları tapdalayaq bir daha özünün aqressiv mahiyyətini ortaya qoydu. Bəs həmin gün Savalanın ətəklərində nələr baş vermişdi?
Xəbər qaynaqlarının bildirdiklərinə görə həmin gün onlarla milli-mədəni fəal Savalan dağı ətəklərində saxlanılır. Belə ki, bir qrup milli-mədəni fəal avqustun 15-də Savalan dağının zirvəsinə çıxmaq istəyiblər. Lakin təhlükəsizlik qüvvələri Savalanın sığınacaq caddəsində yolu kəsərək əksər fəalların zirvəyə çıxmasına mane olublar. Məmurların gözündən yayınıb yollarını davam etdirən fəallar isə avqustun 14-də yerli vaxtla saat 20 radələrində Savalan dağının ətəklərindəki sığınacaqda təhlükəsizlik qüvvələri tərəfindən tutulublar. Məmurlar milli-mədəni fəalları Meşginşəhrin polis idarəsinin təcridxanasına apardıqları zaman onlara qarşı zorakı hərəkətlərə yol veriblər. Daha sonra həmin fəallar məmurlar tərəfindən döyülür, müxtəlif təhqirlərə məruz qalır, şəxsi əşyaları da zəbt olunur. Soydaşlarımız Meşginşəhrin polis idarəsinin təcridxanasında iki gün saxlandıqdan sonra avqustun 16-da bu şəhərin inqilab məhkəməsinə gətirilirlər. Məhkəmə hakimi isə fəalların ifadələrini nəzərə almadan onları quruluş əleyhinə təbliğ və qanunsuz yığıncağa çağırış etməkdə suçlayaraq haqlarında 2 günlük həbs qəti imkan qərarı çıxarıb. Həmin gün həbs edilərək ağır təzyiqlərə məruz qalan soydaşlarımız Rəhim Qulami, Aydın Zakiri, Meysəm Colani, Cəfər Rüstəmi, Səid Hüseyni, Həmid Qüvvəti, Həbib Nigəhban, İsa Əzizi, Həsən Colani və Rza Qomi avqustun 17 dən etibarən qanunsuz saxlanıldıqlarına etiraz olaraq aclıq aksiyasına başlayıblar...Bu sətirlər yazılarkən də heç durum dəyişməmişdi.
Olayla bağlı bu tayda, bəlkə elə planetin ayrı ayrı nöqtələrində təəcüb doğura biləcək nüanslar ortaya cıxa bilər. Məgər dağa çıxmaq üçün də insanları həbs edərlər? Hələ nəzərə alsaq ki, həbslər dağın ətəyində baş verib. Bəşəriyyət üçün təəcüblü görünən bəzən hətta heyrət doğuran hallara İran gerçəkliyində tez tez rast gələ bilərik. İnsanların evində musiqi dinləməsindən, şənlik mərasimləri keçirməsindən tutmuş, sosial şəbəkələrdəki saysız qadağalaradək. Sivil dünyanın inkar etdiyi nə çox qadağalar var bu ölkədə.. İnsanlığın rədd etdiyi edam cəzalarının umumi məkanlarda , az yaşlıların gözü önündə həyata keçirilməsi də İran üçün adi hala çevrilən bir reallıqdır.
Qayıdaq milli fəallarımızın yaşadıqlarına...
Güney Azərbaycanda son 20 ildəki Milli mübarizənin gedişinə baxanda qəribə bir mənzərənin şahid olursan. Bir zamanlar şəhərlərdə baş qaldıran milli oyanış hərəkatı Babək qalasında özünün apogeyasına şatdı. Milyonlar axdı o qalaya...Durumdan vahimə keçirən Tehran nəhayət qalanın yolunu bağladı. Ordu və təhlükəsizlik hissələri yerləşdirildi qalanın ətrafında...Əzilən milllət isə hayqırmaq istəyirdi. Kimisi stadionlarda Traxtur komandasının oyununda “ Haray Haray mən türkəm” deyərək, kimi şəhərlərdə gizli toplantılar təşkil edərək, kimi xeyir-şər məclislərində ürəyindəki dil , məktəb, kimlik yanğısını hayqırırdı. Xatəmi dönəmində fəaliyyətdə olan ədəbi cəmiyyətlər də artıq bağlanmışdı. Bu durumda milli kimliyinə biganə olmayan soydaşlarımızın bir qrupu da Savalana, Səhəndə çəkilərək ürək sözünü, vətən dərdini dağlara demək istədi. Bizim üçün hər zaman müqəddəslik anlamı daşıyan dağlara pənah aparmaqla..Amma sən demə bu da “cumhuri islami” üçün təhlükə anlamı daşıyarmış. Şəhərindən qalasına, qalasından dağına didərgin salınan millətin bundan( dağına cıxmaqdan) ötrü də məhbəs həyatı yaşamaq varmış taleyində..
Amma nə məhbəs, nə basqı söndürə bilmir bu alovu. Çünki bu alov mİlli kimlik , şərəf, varlıq mücadiləsinin şölələridir. Xəmiri Əli Təbrizlilər, Məhəmməd Təqi Zehtabilər,Həmid Nütqilər, Cavad Heyətlərlə yoğrulan mücadilənin..
Hər şeyə rəğmən beynəlxalq qurumların da şox zaman seyrçi qaldığı bu haqlı mübarizədə son sözü milli iradə deyəcək. Və bu da bir gerçəkdir ki, bu davada say deyil, haqlı olmaq önəm daşıyır. Məktəbi qıfıllanan, tarixi yasaqlanan, varı yağmalanan bir millətin haqqa söykənərək, iradə sərgiləyərək, bəşəriyyətə örnək ola biləcək sivil mübarizə ilə bu mücadilədə zəfər çalacağı kəsindir. Elə isə Tanrı yar və yardımçınız olsun!