- Bahar xanım, Avropa İttifaqı kimi böyük bir qurum mövcuddur. Rusiya isə Avrasiya İttifaqını yaradıb və bura bir sıra dövlətləri cəlb etmək istəyir. Sizcə, Azərbaycanın xarici siyasəti hazırda bu qurumlara qoşulmaq, yaxınlaşmaq, işində yaxından iştirak etmək məsələsində seçim qarşısındadırmı? Azərbaycan üçün hansı daha əlverişli olar və bu seçimi etməliyikmi? Bu seçim Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edər?
- Azərbaycan dövlətlərlə, qurumlarla münasibət qurarkən bu əlaqələri digər ikinci və ya üçüncü qurumlara qarşı qoymur. İstənilən ittifaqla, birliklə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edərkən qarşıya qoyduğumuz hədəf yalnız Azərbaycanın maraqlarını təmin etməkdir. Atdığımız, ya atacağımız addımlar həmişə Azərbaycanın xeyrinə, ölkəmizin maraqlarına uyğun olub və bundan sonra da belə olacaq. Biz Avropa İttifaqının və ya Avrasiya İttifaqının xeyrini, marağını güdmürük, onların maraqlarının təmin olunmasını qarşımıza məqsəd qoymuruq. Əsas Azərbaycan xalqının və dövlətinin maraqlarıdır. Bu maraqlar hansı addımların atılmasını tələb edirsə, biz də onu yerinə yetiririk.
Biz Avropa İttifaqı ilə də ikitərəfli müqavilələrə üstünlük veririk. İttifaqın Avropa qonşuluq siyasəti proqramında iştirak edən altı ölkənin hamısına eyni kontekstdən yanaşılması bizi qane etmir. Ona görə danışıqlar prosesində ortaya fərqli mövqe qoymuşuq və bizimlə də fərqli şəkildə davranırlar. Digər ölkələrə təzyiqlər göstərilir, amma Azərbaycan belə təzyiqlər hiss etmir və bunu qəbul da etmir. Azərbaycanın təzyiqləri qəbul etmədiyini qarşı tərəflər də bilirlər. Ona görə hər iki ittifaqdan hansısa təzyiqin olacağını, təzyiqlər olsa belə Azərbaycan siyasətinin dəyişəcəyini güman etmirəm. Bunu qətiyyətlə söyləyirəm, ona görə ki, ölkələrlə olan ikitərəfli münasibətlər çoxtərəfli münasibətlərə də yaxşı təsir göstərir.
Cənab prezident son çıxışında vurğuladı ki, Azərbaycana qarşı təzyiq metodlarından, bu və ya digər təhdidlərdən yalnız beynəlxalq təşkilatlarda çoxtərəfli münasibətlər zəminində sui-istifadə olunur. İkitərəfli münasibətlərdə, dünyanın hansısa ən böyük fövqəldövləti ilə münasibətdə də heç bir təzyiq hiss etmirik. Biz çox yüksək səviyyədə tərəfdaş, partnyor olduğumuzu ortaya qoyuruq. Çoxtərəfli münasibətlərdə də məhz bu zəminə üstünlük veririk. Ona görə hesab edirəm ki, həm bölgədə, həm dünyada çox düzgün siyasət yeridirik.
- Azərbaycanın ittifaqlarla eyni məsafədə dayanmaq, ikitərəfli münasibətlərə üstünlük vermək siyasəti bundan sonra uzun müddət davam edəcək?
- Siyasət elə bir sahədir ki, burada bu gün cavab vermək mümkün deyil ki, beş il sonra nə baş verəcək. Kimsə söyləyərsə də verdiyi proqnozlar ciddi qəbul olunmaz. Amma Azərbaycan addım-addım şəraitin diktələrini də nəzərə alaraq siyasətini aparır. Şükürlər olsun ki, bu günə qədər ciddi bir böhranla üz-üzə qalmamışıq. İnanıram ki, bu, gələcəkdə də özünü doğruldacaq və Azərbaycan o ittifaqlara, hərbi birliklərə qoşulmayan bir ölkə kimi Ermənistanı çıxmaq şərtiylə hər bir dövlətlə münasibət saxlaya bilər.
Dünyada belə nümunələr çoxdur. Ölkələr bir-birinə qarşı hərbi alyansda və ya ittifaqlarda birləşməyib ki. Biz Qoşulmama Hərəkatının da üzvüyük. Görürsünüz ki, bu hərəkata üzvlüyümüz beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməyinə nə qədər böyük kömək göstərir. BMT-də qazandığımız mövqe də məhz yeritdiyimiz siyasətin nəticəsidir ki, kimlərsə bizi hansısa blokun tərkib hissəsi kimi qəbul edib bu bloka olan münasibətini ortaya qoymur. Onlar Azərbaycanla olan münasibətlərinə üstünlük verərək istənilən səviyyədə Azərbaycana münasibət göstərirlər. Mən demirəm ki, bu cür qurumlarda bizə qarşı mövqelər olmayacaq. Bu daim olacaq. Görürsünüz ki, hələ bu qurumlara daxil olmamışdan orada bizə qarşı qruplaşmalar var idi. Prezident İlham Əliyev çox haqlı olaraq onları faşist və nasist mövqeli qruplar adlandırır. Onlar bu gün də var, fəaliyyətlərini davam etdirirlər. Azərbaycan bunu ardıcıl izləyir və onları neytrallaşdırmaq üçün çox ciddi addımlar atır, müqavimət gücünün üstün olduğunu onlara sübut edir.
- Avropa İttifaqı ilə assosiasiya sazişi, azad ticarət müqaviləsi imzalamaq Azərbaycanın maraqlarına cavab vermir?
- Bu hələ prosesdir, biz bu prosesin ilk mərhələsindəyik. İkitərəfli danışıqlarda hər iki tərəf razılaşıb ki, Azərbaycan bu gün bu mərhələdədir. Sabah da hansı mərhələdə olacağı barədə danışıqlar gedir. Hadisələri qabaqlayıb bu nə verə bilərdi, niyə vermədi deyə proqnozlar səsləndirmək düzgün deyil. Avropaya sarı bizə nə qədər lazımdırsa o qədər yol gedirik. Avropa da bizə doğru nə qədər lazımdırsa o qədər gəlib. Bu, ikitərəfli yoldur. Biz yolun birini qaça-qaça gedib özümüzü onlara çatdırmaqla deyil ki... Proses nəyi tələb edirsə, o addımı da atmalıyıq. Ona görə də biz məsələni hansı ittifaq bizə nə verər formasında qoymuruq. Bizə nə və nə qədər lazımdırsa, o qədər də alacağıq. Hesab edirəm ki, bu daha doğru yanaşmadır.
- Ermənistan Avrasiya İttifaqına qoşulmağa razılıq verib. Amma məsələ yubanır. Belə fikirlər var ki, rəsmi Moskva Ermənistanı ona görə qapı arxasında saxlayır ki, Azərbaycandan da ittifaqa üzv olmaq razılığı ala bilsin. Sizcə, Ermənistanın Avrasiya İttifaqına mümkün üzvlüyü Dağlıq Qarabağ məsələsində onu hansısa üstün mövqeyə çıxarırmı? Azərbaycan Dağlıq Qarabağın işğaldan azad edilməsi müqabilində ittifaqa qoşula bilərmi?
- Bu, alver söhbətinə oxşayır. Siyasətdə buna bənzər proseslər ola bilər. Amma Azərbaycan ortaya açıq və konkret siyasət qoyur. Vaxtilə də ittifaqda idik. Amma bu bizi Dağlıq Qarabağ problemindən xilas edə bilmədi. Deməli, birlik ideyasının bu problemi həll edəcəyini gözləmək illüziyadan başqa bir şey deyil. Siyasət real getməlidir. Azərbaycan bu cür alver predmetinin olduğu söhbətlərdə heç vaxt iştirak etmir. Müstəqil olmayan ölkənin atdığı və ya atacağı addımın nə nəticə verəcəyi qeyri-real bir məsələdir. Ermənistan müstəqil iradəsi olmayan ölkədir. Avrasiya İttifaqına girir, girmir, buna Ermənistan özü qərar verir məgər? Qərarı özü vermir axı. Ona görə də onu nə qədər lazımdırsa o qədər də qapı arxasında saxlayacaqlar. Bunun Azərbaycanla heç bir bağlılığı yoxdur. Biz hazırda Avrasiya İttifaqında olan ölkələrin hər biri ilə münasibətimizi ən yüksək səviyyədə saxlayırıq.
- Azərbaycan həm Avropa İttifaqına yaxınlaşmaqdan, həm də Avrasiya İttifaqına qoşulmaqdan imtina edir. Bu imtina siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?
- Bu, imtina siyasəti deyil. Biz beynəlxalq qurumlarla da ikitərəfli münasibətlərə üstünlük veririk. Biz ATƏT-lə münasibətlərimizi müzakirə etdik və ATƏT-in Bakıdakı missiyası layihə koordinatoru səviyyəsinə qədər endirildi. Biz münasibətlərimizi öz tələbatımıza uyğunlaşdırdıq. Müstəqil dövlət olaraq öz iradəmizi ortaya qoyduq. Söylədik ki, bizə bu gün ATƏT-dən bu qədər lazımdır. Bir ildən artıq danışıqlar getdi, baxmayaraq ki, çoxu bunun təzyiqlərə, bizim ATƏT-dən çıxarılacağımıza, hansısa sanksiyaların tətbiq ediləcəyinə gətirəcəyi barədə proqnozlar verirdi. Nə baş verdi? Nazirlər Şurası qərar qəbul etdi, ATƏT missiyasının səlahiyyətləri, ştatı, büdcəsi yarıya qədər azaldıldı. Onlar indi ayrı-ayrı layihələri maliyyələşdirməklə məşğul olacaq. Çox gözəl. Bizə də lazımi layihələrin həyata keçirilməsi lazımdır. Bunu da edirik. Bunun ATƏT-ə üzvlüyümüzə, onun digər parametrlər üzrə fəaliyyətində iştirakımıza heç bir maneəsi yoxdur. Ona görə məsələni “ya bu, ya o” şəklində qoymaq lazım deyil. Ölkələr müstəqil subyektlərdir. Hamı Azərbaycanın da çəkisini və yerini bilir, Ermənistanı da tanıyır. Ermənistana olan təzyiqlərin Azərbaycana da göstərilməsi mümkün deyil. Azərbaycanla Ermənistan heç bir halda müqayisə oluna bilməz və ağıllı insanların heç biri bunu etmir. Azərbaycanın prezidenti İlham Əliyevdir, Ermənistanın rəhbəri isə Serj Sərkisyandır. Hər şeyi dərindən bilməyə də ehtiyac yoxdur, kənardan baxmaqla da ədalətli qiymət vermək olar.