Bu ay Ukraynadan 622 min tondan çox taxıl daşınıb

Bu ay Ukraynadan 622 min tondan çox taxıl daşınıb
Oxunma sayı: 429

Avqustun 1-dən etibarən Ukrayna limanlarından 622 min tondan çox taxıl daşınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi ​məlumat yayıb.

Bildirilib ki, Müştərək Koordinasiya Mərkəzinin (MKM) vasitəçiliyi ilə taxıl gəmilərinin daşınması fasiləsiz davam etdirilir.

Qeyd edilir ki, müqavilədən sonra daşımaya başlayan ilk gəmi Syerra Leone bayrağı altında üzən “Razoni” gəmisi olub. Avqustun 1-də Ukraynanın Odessa limanından Livana yola düşən gəmi 27 min ton qarğıdalı ilə İstanbulun şimalına gəlib və Müştərək Koordinasiya Mərkəzinin yoxlamasından sonra yoluna davam edib. Sözügedən gəminin ardınca “Navistar”, “Rojen”, “Polarnet”, “Mustafa Necati”, “Star Helena”, “Glory”, Riva Wind”, “Sacura”, “Arizona”, “Ocean Lion”, “Rahmi Yağcı” kimi gəmilər yola düşüb. 

Məlumatda, həmçinin bildirilir ki, Ukrayna limanlarından çıxan və ya Ukraynaya gedən hər gəmi İstanbulun şimalında hərtərəfli yoxlamadan keçirilib. 

Avqustun 1-dən etibarən ümumilikdə 43 gəmi ilə taxıl daşınıb ki, bunlardan 25-i Ukrayna limanlarından çıxan, 18-i isə Ukrayna limanlarına gedənlərdir. İndiyədək Ukrayna limanlarından 622 min tondan çox taxıl daşınma həyata keçirilib.