“Bu, Azərbaycana qarşı edilən tərbiyəsizlikdir”

bu-azerbaycana-qarsi-edilen-terbiyesizlikdir
Oxunma sayı: 5040

UNESCO-nun Azərbaycan ərazilərinə müstəqil texniki missiya göndərmək istəməsinə dair məlumatlar haqlı olaraq ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Azərbaycan xalqının bir çox mədəni abidələrini məhv edən Ermənistana qarşı tədbir görməyən bu qurumun ermənilərin qondarma iddialarına belə operativ reaksiya verməsi təbii olaraq ciddi suallar yaradıb.

“Qafqazinfo” məsələ ilə bağlı Mili Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafanın fikirlərini öyrənib.

Deputat hesab edir ki, UNESCO-nun bu addımı çox güman ki, ermənilərə hər hansı formada dəstək vermək üçün düşünülüb: “Çünki bu istiqamətdə təşkilatın Azərbaycana, xüsusilə torpaqlarımızın işğal altında olduğu dövrdə dəstək verdiyini görməmişik. Onlar həmin vaxt da daha çox ermənilərin marağını güdən addımlar atırdı. Ona görə bu məsələ də düşündürücüdür. UNESCO-da bütün addımlar daha çox özlərinin korporativ maraqlarına uyğun aparılır və bu məsələ də ciddi narahatlıq doğurur”.

Fazil Mustafa eyni zamanda qeyd edib ki, UNESCO erməni təbliğatının tribunasına çevrilib: “Qurum Azərbaycanı hədəfə alan müəyyən addımlar atır. Düzdür, bunu açıq şəkildə söyləmir, lakin alt qatda əleyhimizə olan fəaliyyətini genişləndirir”.

Millət vəkili UNESCO nümayəndəsinin (mətbuat xidmətinin əməkdaşı, Tomas Mallard –red.) Dağlıq Qarabağ ifadəsini işlətməsini Azərbaycanın suverenliyinə hörmətsizlik kimi dəyərləndirib: “Belə bir ərazi vahidi artıq yoxdur. Bu nəinki hörmətsizlik, UNESCO səviyyəsində Azərbaycana qarşı edilən tərbiyəsizlikdir. Bu tərbiyəsizlərə, Azərbaycan sərt şəkildə cavab verməlidir. Hər hansı bir şəkildə Azərbaycan ərazisində olmayan bir qurumu tanıyan, özünü mədəniyyət qurumu kimi təqdim edən beynəlxalq təşkilatın, bu məsələdə belə utanmaz yanaşma sərgiləməsinə qarşı ortaya sərt mövqeyimiz qoyulmalıdır. Onlara hər hansı güzəştli formada yanaşmamız doğru deyil. Belə addımlara, bütün hallarda göz yummaq olmaz”.

Qeyd edək ki, daha əvvəl UNESCO Azərbaycan ərazilərinə müstəqil texniki missiya göndərmək üzərində çalışdığını açıqlamışdı. UNESCO-nun mətbuat xidmətindən bildirilmişdi ki, bu, Haaqa Konvensiyasına uyğun olaraq həyata keçirilə bilər: “Lakin hazırda bunun üçün lazımi şərtlər yoxdur. Bu səbəbdən də müzakirələr hələ davam etdirilir”.

Eldar Tanrıverdi