“Bu, Azərbaycanın ciddi diplomatik uğurudur” - Elnur Allahverdiyev

bu-azerbaycanin-ciddi-diplomatik-ugurudur
Oxunma sayı: 960

“Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması Azərbaycanın ciddi diplomatik uğurudur. Bu hadisə şübhəsiz ki, ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə müsbət təsir edəcək. Bu təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox önəmlidir ki, təsis iclası quruma Azərbaycanın rəhbərlik etdiyi dövrə təsadüf edir. Nəzərə almalıyıq ki, bu il Azərbaycanın təşkilata rəhbərlik müddəti daha bir il uzadılıb. Özü də üzv dövlətlərin xahişi ilə”.

Bu sözləri Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılmasını “Qafqazinfo”ya şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Ölkəmiz üçün bu hadisəni tarixi hesab edən millət vəkilinin sözlərinə görə, “təşkilatın tarixinə Azərbaycan yeni qurumun təsis edilməsinin təşəbbüskarı kimi düşəcək. Təsis iclasını Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın açması da bu baxımdan əlamətdar hadisədir”.

E.Allahverdiyev hesab edir ki, Vətən müharibəsi günlərində Qoşulmama Hərəkatı Azərbaycana böyük və ciddi diplomatik dəstək göstərib. Bu dəstəyin hesabına Ermənistan və erməni lobbisinin cəhdlərini neytrallaşdırmaq mümkün olub.

“Ötənilki 44 günlük Vətən müharibəsi ərzində Qoşulmama Hərəkatının monolit mövqeyi və Azərbaycanı haqq işində dəstəkləməsi müharibənin gedişində diplomatik müstəvidə bir dönüş nöqtəsi oldu. BMT-də nümayiş etdirilən vahid mövqe baxımından Qoşulmama Hərəkatının çəkisi böyükdür və biz bunu keçən il müharibə günlərində hiss etdik. Fikrimcə, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən biri məhz Qoşulmama Hərəkatındakı fəaliyyətimizdir. Bu, miqyaslı xarici siyasət uğurudur”, – deyə deputat bildirib.

Parlamentlər Şəbəkəsinin gələn ilki iclası Azərbaycanda keçiriləcək. E.Allahverdiyev hesab edir ki, qurumun baş ofisi də Bakıda ola bilər:

“Biz ümidliyik. Fikrimcə, biz buna nail olacağıq. Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Ölkəmizə hörmətlə yanaşırlar. Azərbaycan reputasiyasını qoruyan, sözübütöv tərəfdaşdır. Bizi dünyada ciddi dövlət olaraq qəbul edirlər. Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında biz bunu bir daha gördük”.