“Bu barədə Ermənistan baş naziri ilə müzakirə aparmışam”

bu-barede-ermenistan-bas-naziri-ile-muzakire-aparmisam
Oxunma sayı: 2256

“Mən, həqiqətən də, vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mənim belə bir imkanım oldu, biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik”, - o bildirib.

Ş.Mişel qeyd edib ki, bu mövzuda İlham Əliyevlə də müzakirə aparıb:

“Mənim həm də Azərbaycan Prezidentinə mesajları çatdırmaq imkanım oldu. Mən həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim.

Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanaqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir”.