“Bu cür basqılar bizi yolumuzdan çəkindirə bilməz” – - Müsahibə

bu-cur-basqilar-bizi-yolumuzdan-cekindire-bilmez-
Oxunma sayı: 969


“Qafqazinfo” həmin müsahibəni oxuculara təqdim edir

-İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsi "Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Həsən Hüseynli kimi bir ziyalı silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunur. Bu barədə nə deyə bilərsiniz?

- Həsən Hüseynlini çoxdan tanıyıram. İlk tanışlığımız haradasa 20 il bunda əvvələ gedib çıxır. Baxmayaraq ki, onunla bir siyasi təşkilatda heç vaxt təmsil olunmamışıq, amma daima əlaqələrimiz olub. Tez-tez görüşmüşük və ictimai-siyasi prosesləri müzakirə etmişik. Onun Azərbaycanda demokratiyanın bərqərar olması, insanların, xüsusi ilə gənclərin daha çox maariflənməsi istiqamətində, o cümlədən QHT sektorunda gördüyü işləri hər zaman çox yüksək qiymətləndirmişəm. 2005-ci ildə o, 37 saylı Nizami İ (Gəncə) Seçki Dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüşdü. Seçkilərin qeyri –demokratik keçirilməsinə baxmayaraq kifayət qədər səs də toplamışdı. Bu onu Gəncədə kifayət qədər hörmətə sahib olduğunun göstəricisi idi.  O, alimdir, ziyalıdır, elmi dərəcəsi var. Kimisə vurması, kiməsə bıçaqla qəsd etməsi inanılmazdır və bu maddələrlə ittiham olmasını qəti şəkildə pisləyirəm. İctimai-siyasi institutlara qarşı olan təzyiq vasitəsi hesab edirəm. Qeyd edim ki, Həsən Hüseynliyə qarşı atılan bu addım azad fikrə, azad düşüncəyə malik olan insanlara qarşı bir basqıdır.

-Son dövrlərdə bir çox tanınmış hüquq müdafiəçilərinə, ümumiyyətlə QHT-lərə qarşı bir basqı var. QHT-lər haqqında Qanunlar sərtləşdirildi. Eyni zamanda vaxtı ilə siyasi institutların zəiflədilməsi istiqamətində hakimiyyətin apardığı siyasət sonradan jurnalistlərə və vətəndaş cəmiyyətinə də yönəldildi. Gəncədə Hüquq müdafiəçisinin həbsi sizcə, bu kampaniyanın tərkib hissəsidirmi?

- Təbii ki, məndə Həsən Hüseynlinin həbsini bu kampaniyanın tərkib hissəsi hesab edirəm. Nəinki siyasilərə, siyasi institutla, eyni zamanda azad, fərqli fikir səsləndirən bütün insanlara qarşı həmişə  basqılar olub. Siyasilərə, vətəndaş cəmiyyətinə mərkəzdə olan basqılar, həbslər  artıq əyalətlərə də transfer olunub. Həsən Hüseynli uzun müddətdir Gəncədə insanların maarifləndirilməsi, insanların demokratik inkişaf istiqamətdə daha çox bilgilənməsi, seçkilərin azad keçirilməsi uğrunda çalışan bir insan olub. Düşünürəm ki, həbsinin gerçəkləşdirilməsinin  səbəbi də onun fəaliyyətidir. Adətən  ictimai-siyasi fəalları çox zaman həbs etmək üçün cibinə narkotik qoyub tuturlar. Bu cür ittiham isə Həsən Hüseynli kimi insana verilə bilməzdi. Bu səbəbdən onu başqa formada şərləyib tutdular. Ona  qarşı sürülən ittiham absurd və gülüş doğuran bir iddiadır.

O, savadlı intellektual gəncliyin yetişməsində böyük işlər görürdü. İngilis dili ,kompüter kursları təşkil etmişdi.  Hər zaman çoxlu sayda gənc onun ofisində olur, yaratdığı imkanlardan və elmi potensialından yararlanırdılar. Və bu gənclərin qloballaşan dünya ilə ayaqlaşmasına münbit bir şərait yaradırdı.

-  Gəncədə ictimaiyyətin bu məsələyə reaksiyası necədir?

Deyim ki, indi elə bir zamandır ki, ictimai-siyasi institutları hakimiyyət məqsədli şəkildə tam tənəzzülə uğradıb. Bu gün fərqli fikrə basqıların, təqiblərin olduğu bir zamanda kütləvi və açıq şəkildə insanların etiraz etməsi çox çətindir. Təbii ki, tanıyan hər bir kəs onun bu cür qondarma ittihamla həbsini pisləyir və əleyhinədir. Bu gün hakimiyyət elə bir vəziyyət yaradıb ki, insanlar ictimai-siyasi proseslərə reaksiya göstərə bilmir, yalnız gündəlik problem və qayğılarını  düşünmək məcburiyyətində qalıblar. Siyasilər, ziyalılar isə bu məsələdən çox məyus olublar və kəskin şəkildə onun həbsini pisləyir və narazılıqlarını bildirirlər.

- Mərkəzdə həbs olunan, basqılara məruz qalan hüquq müdafiəçiləri təbii ki, tez-tez mətbuatda hakimiyyət əleyhinə bəyanatlar verir, insan haqları, seçkilərlə bağlı monitorinqlər aparır, hesabatlar hazırlayır , bəyanatlar yayırlar. Bu isə hakimiyyətin mənafeyinə toxunur. Həsən Hüseynlin isə  yalnız  intellektual gənclərin yetişməsində istiqamətində işləyirdi. Hətta onun həbsinə qədər bir o qədər də gündəmdə deyildi və çoxları onu tanımırdı. Azərbaycanın gələcəyi olan  intellektual və qloballaşan dünya ilə ayaqlaşan gəncliyin yetişməsi hakimiyyət üçün bu qədərmi qorxuludur?

-  Biz bundan əvvəl həbs olunan Anar Məmmədli və digərlərinin də həbsini pisləmişik. “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" Gəncədə də fəaliyyət göstərirdi. Təşkilata və onun üzvlərinə olan basqılardan xəbərim var. Təbii ki, bütün baş verənləri və  sifarişli, qeyri-qanuni həbsləri pisləyirik. Bunu Azərbaycanda demokratiyanın boğulması kimi qiymətləndiririk. Həsən Hüseynli təkcə gənclərin maariflənməsi istiqamətində deyil həm də Azərbaycanın demokratikləşməsi istiqamətində mübarizə aparırdı. Azad və fərqli fikir sahibi idi. Heç bir siyasi təşkilatın üzvü deyildi. Bir çox tədbirlərdə birlikdə iştirakımız olub. Həmin tədbirlərdə hakimiyyət nümayəndələri də təmsil olunurdu.  Hakimiyyət nümayəndələri arasında da ona qarşı çox normal münasibəti olan, hətta sayğı ilə yanaşanlar da var idi. Görünür ki, onun gördüyü işlər, səsləndirdiyi fikirlər, yetişdirdiyi intellektual  gənclik və insanların ona hörmətlə yanaşması hansısa qüvvələri narahat edib. Həmçinin  bu cür aktiv insanları zərəsizləşdirməklə hakimiyyət cəmiyyətdə də bir xof yaradır, insanları aktiv ictimai-siyasi proseslərə qoşulmaqdan çəkindirir. Həsən Hüseynli kimi bir ziyalının məhkəmə zalından bir başa xuliqanlıq  maddəsi ilə həbs olunması, 6 il həbs cəzasına məhkum edilməsi həqiqətən də əhali arasında bir narahatlıq, aktiv insanlarda daxili bir senzura yaradır. Bu hakimiyyətin bələdiyyə və parlament seçkilərində aktivlik edə biləcək ictimaiyyət nümayəndələrinin və siyasilərin proseslərdən kənarda saxlanmasına hesablanmış bir addımdır. Hesab edirik ki, bu cür addımlarla hakimiyyət beynəlxalq təşkilatlar qarşısında özünü daha da ifşa edir. Bütün bu baş verənlər bizi apardığımız mübarizədən çəkindirə bilməz. Azərbaycanın demokratikləşməsi uğrunda çalışan hər bir kəs sona qədər mübarizə aparacaq və prosesin getməsi üçün əlindən gələni edəcəkdir. Uzun illərin sınaqlarından çıxmış bir siyasətçi kimi deyə bilərəm ki, Ümid Partiyası olaraq bu cür basqılar bizi yolumuzdan, mövqeyimizdən çəkindirə bilməz. Biz getdiyimiz yola inanırıq və qələbənin bir o qədər də uzaqda olmamasına əminik.