Lənkəran şəhər İcra başçısı Taleh Qaraşovun növbəti görüşü dünən Darquba kəndində baş tutub.
İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 300 nəfər kənd sakini iştirak edib.
Görüşü giriş sözü ilə açan Taleh Qaraşov hələ 2008-ci ildə dünyada başlanan iqtisadi böhranın Azərbaycana yalnız 2015-ci ilin sonlarında təsir etdiyini bildirib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsinin ali məqsəd olduğunu diqqətə çatdıran İcra başçısı iqtisadiyyatımızın neftdən asılılığını aradan qaldırmağın, daxili məhsul istehsalını artırmaq üçün aqrar sahənin dirçəldilməsinin zəruriliyini xüsusi vurğulayıb.
Yığıncaqda qeyd edilib ki, rayonda kiçik və xırda torpaqlar iri fermer təsərrüfatlarında birləşdirilməli, emal müəssisələri, sənaye obyektləri fəaliyyətlərini genişləndirməli, təşəbbüskarlıq artırılmalıdır. Yalnız bu yolla ölkə əhalisinin ixrac məhsullarından asılılığını aradan qaldırmaq, süni qiymət artımının qarşısını almaq mümkündür.
Görüşdə çıxış edən ayrı-ayrı kənd sakinləri bir neçə təklif və xahişlə İcra başçısına müraciət ediblər.
Qaldırılan təkliflərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin həlli istiqamətində Taleh Qaraşov əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlar verib.

Son xəbərlər
Son Xəbərlər