Bu dəfə ən yüksək balı onlar topladı

Bu dəfə ən yüksək balı onlar topladı
Oxunma sayı: 4361

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 28-də İngilis dili və musiqi fənləri üzrə üzrə test imtahanı keçirilib.

Təhsil Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, imtahanlara ümumilikdə 3 min 303 namizəd dəvət olunub. İngilis dili fənni üzrə ən yüksək balı – 52 Kəmalə İsmayılova, musiqi fənni üzrə isə Təravət Bayramova - 56 bal toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.