Bu dəfə “İqtisadiyyat” ixtisası üzrə attestasiya keçirildi

bu-defe-iqtisadiyyat-ixtisasi-uzre-attestasiya-kecirildi
Oxunma sayı: 1361

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, komitənin inzibati binasında keçirilən imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev,  “İqtisadiyyat” ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, eyni zamanda DGK-nın müvafiq strukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər Naziri Mikayıl Cabbarov  tələbələrə uğurlar arzulayaraq ali təhsilin ilk pilləsində qazandıqları biliklərin şəxsiyyətlərinin formalaşmasında və gələcək fəaliyyətlərinin qurulmasında mühüm rol oynayacağını bildirib.

 Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.
Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.