“Bu ədalətsizlik sanki əbədi olacaq kimi gəlirdi...”

bu-edaletsizlik-sanki-ebedi-olacaq-kimi-gelirdi
Oxunma sayı: 1526

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edildikləri günləri həmin ərazilərdə qeyd etməsi, məhz bu  məkanlardan hazırkı dövrün çağırışlarını, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırması son dörd ilin qürurverici hadisələrindən hesab edilir. Səsləndirilən hər bir bəyanat tarixi  Zəfərimizin, suverenliyimizin reallıqlarının dünyaya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər: “İlham Əliyev çıxışında bir daha tarixi Zəfərimizin qəhrəmanlarının Vətən, torpaq sevgisindən, böyük şücaət göstərmələrindən bəhs edib. O vurğulayıb ki, Cəbrayıl ilk azad edilən şəhər olub. Cəbrayılın azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərib, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəldib. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilib. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatıb və yolumuz Şuşaya, Zəngilan və Qubadlı istiqamətinə açılıb. Müzəffər Ordumuzun Zəfər yürüşü bundan sonra daha sürətlə gedib və döyüş meydanında böyük yaşayış məntəqələri - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, rayonları, Laçın rayonunun bir neçə kəndi və nəhayət noyabrın 8-də Şuşa şəhəri azad edilib. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu”.

Parlamentari qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dünyaya təqdimatı olub: "30 il Azərbaycan dünyadan ədalət gözləyib. Lakin ikili standartlara əsaslanan siyasətin nəticəsi olaraq maraqlar ədaləti və beynəlxalq hüququ üstələyib. İlham Əliyev sözügedən çıxışında diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirib ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməyib. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozub, torpaqlarımızın təxminən 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, bütün şəhər-kəndlərimizi viran qoyub. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymayıblar”.

Malik Həsənov vurğulayıb ki, hazırda tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan  ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də daim dövlətimiz tərəfindən bildirilib: “Azərbaycan ən yüksək tribunalardan ikili standartlara son qoyulmasına, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar edir. Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi bir daha sübut edib ki, ədalət var, bunun bərpasına nail olmaq üçün səylər göstərmək, qətiyyətli addımlar atmaq lazımdır. Bu reallıq İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında da xüsusi qeyd edilib ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmayıb. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu əzmin qabağında dura bilməz”.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalı, qətiyyətli və dəyişməz olub: “Bir qarış torpaq işğal altında qala bilməz. Məsələ sülh yolu ilə həllini tapmasa, müharibə yolu ilə həll edəcəyik. 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillər məlumdur. Bu gün artıq böyük qürur hissi ilə torpaqlarımızın dirçəldilməsindən, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında, təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir ki, işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaransın. İşğaldan azad edilmiş torpaqlarımızda törədilən erməni vandalizmi mənfur qonşularımızın vəhşiliyini sübut edir”.