“Bu, ekoloji təmiz nəqliyyat vasitələrinin əlçatanlığını artırır”

bu-ekoloji-temiz-neqliyyat-vasitelerinin-elcatanligini-artirir
Oxunma sayı: 1347

Azərbaycanda əhalinin artması, xüsusilə də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində avtomobil vasitələrinin sayı da artır ki, bu da atmosferə atılmaların həcmini və ətraf mühitə təsirləri çoxaldır”

Bu barədə “Qafqazinfo”ya ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə məlumat verib. 

O bildirib ki, nəqliyyat vasitələrindən atmosferə atılmaların qarşısını almaq üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraf mühitə, eləcə də, iqlim dəyişmələrinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülməlidir: “Qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi məsələləri yer alıb. Elektromobillərin və istehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, həmçinin enerji doldurucularının həm idxalının, həm də satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan da azad edilməsi kimi stimullaşdırıcı tədbirlərin tətbiq olunması ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni daha da asanlaşdırır, onların əlçatanlığını artırır”. 

Nazir müşavirinin sözlərinə görə, ölkədə istismar dövrünü başa vurmuş avtomobillərin utilizasiyasına, bu avtomobillərin dövriyyədən çıxarılmasına nail olmaq üçün artıq bir sıra tədbirlər görülür: “Köhnə avtomobillərin ətraf mühitə təsirinin yeni avtomobillərin təsirindən olduqca çox olduğunu nəzərə alaraq köhnə avtomobillərdən istifadənin məhdudlaşdırılması istiqamətində artıq müəyyən tədbirlər görülür. İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinə yüksəldici aksiz əmsalı tətbiq olunur ki, bu da məsələyə bir qədər kömək edəcək. Lakin ölkədə istismarda və qeydiyyatda olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı məsələlər həll olunmalıdır.

Hazırda razılaşdırma mərhələsində olan nəqliyyat vasitələrinin utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə yanaşı tullantıların idarə olunmasının təkmilləşdirilməsinə öz töhfəsini verəcək”.