Bu ərazidə əhalinin içməli su təchizatı yaxşılaşdırılır

bu-erazide-ehalinin-icmeli-su-techizati-yaxsilasdirilir
Oxunma sayı: 1742

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqəsdilə layihələrin icrasını davam etdirir. 

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Səbail rayonu 20-ci sahə yaşayış massivi Dəmirçilər adlanan ərazidə içməli su şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilir.

Dəmirçilər adlanan ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılıb. İstismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez qəzalar baş verir və əhalinin içməli su təchizatında çətinliklər yaranırdı. İndiyədək sakinlər günaşırı olmaqla cəmi 2 saat içməli su ilə təmin olunurdu. Bəzi hallarda sakinlər suyu maşınlarla almaq məcburiyyətində qalırdı.

Bütün bunlar nəzərə alınaraq ərazidə yeni şəbəkənin yaradılmasına qərar verilib. Layihə çərçivəsində ərazidə 1 km-dən artıq içməli su şəbəkəsi yaradılıb və 150 fərdi yaşayış evi və obyektin şəbəkəyə qoşulması təmin edilib. Hazırda abonentlərin sayğaclarla təmin edilməsi işləri aparılır. Layihənin icrasının yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur.

Yeni layihənin icrasından sonra sakinlər artıq hər gün qrafikli rejimlə içməli su ilə təmin olunacaq. 

Qeyd edək ki, Hazırda “Azərsu” ASC-nin daxili imkanları hesabına Səbail rayonu ilə yanaşı, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz, Biləsuvar rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.