Bu gəmilər suyu təmizləmədən Xəzərə axıdır

bu-gemiler-suyu-temizlemeden-xezere-axidir
Oxunma sayı: 1189

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinə axıdılan tullantı sularına nəzarət məqsədilə növbəti monitorinq donanma fəaliyyəti ilə məşğul olan “BUE Caspian” LTD şirkətinə məxsus gəmilərdə aparılıb. 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova bildirib. O qeyd edib ki, sözügedən şirkətə məxsus “Citadel”, “Caspian Challenger”, “Caspian Supplier”, “Caspian Provider”, “DMS-2000”, “Caspian Qala”, “Fortress”, “Caspian Voyager” və “Endeavour” gəmilərinin bioloji təmizləyici qurğularına keçirilən baxış zamanı “Caspian Challenger”, “Caspian Voyager” və “Endeavour” gəmilərində təmizləyici qurğuların normalara uyğun işləmədiyi və tullantı sularının təmizlənmədən birbaşa Xəzərə axıdıldığı məlum olub. 

N.Babaşovanın sözlərinə görə, aparılan analizlərin nəticələrinə əsasən tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Aşkar olunan pozuntuların aradan qaldırılması üçün “BUE Caspian” LTD şirkətinə xəbərdarlıq edilib ki, Xəzərə axıdılan tullantı sularının qarşısının alınması üçün şirkət tez bir zamanda ciddi tədbirlər görməlidir”.