Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, yaz mövsümü, həmçinin ayın sonunda Bakıda “Formula-1” Azərbaycan Qran Prinsinin keçirilməsi və paytaxtıza dünyanın müxtəlif ölkələrindən şoxsaylı qonaqların gəlməsi ilə əlaqədar aprelin 15-də Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər və paytaxt rayonlarının icra hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik şəhərin bütün rayonlarını əhatə edib.
İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərilərindəki yorpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.
BŞİH-nin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması Bakımızın daha da gözəlləşməsinə və mötəbər beynəlxalq idman yarışları zamanı sakinlərimiz və şəhərimizin qonaqlarında xoş əhval-ruhiyyə yaradılması, ölkəmiz və paytaxtımız haqqında müsbət təəssüratlar yaradılmasına böyük töhfə olacaq.
***
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, iməclik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, təmizlik və abadlıq işləri həyata keçirilib.


Son xəbərlər
Son Xəbərlər