“Çoxdan idi ki, bu oyunu gözləyirdik. Rəqibi çox analiz etmişdik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millimizin müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasında Kosovo ilə keçirilən 0:0 hesablı matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı futbolçu rəqibə qarşı başabaş mübarizə apardıqlarını deyib:
“Bilirdik ki, Kosovo gənc yığmadı, futbolçuları yüksək səviyyəli oyunçulardı və Avropada yaxşı klublarda çıxış edirlər. İnanıram ki, Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq. Bu gün başabaş mübarizə apardıq”.
Medvedev heç-heçəni pis nəticə hesab etməyib: “Onlarla vuruşduq. Mənə elə gəlir ki, bu, bizdə pis alınmadı. 3 gün sonra çətin Malta səfərində olacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Burada heç-heçə pis nəticə deyil. Kosovo yaxşı komandadır. Əsas odur ki, növbəti oyunlarda xal itirməyək”.
Müdafiəçi hər iki komandanın bir-birindən çəkindiyini vurğulayıb: “İlk oyun idi. Bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Səhv olanda qol vurulur. Yəqin ki, onlar üçün də əsas rəqib biz idik”.
Maksim yığmamızın 3 gün sonra Millətlər Liqasında Malta ilə keçirəcəyi oyunu barədə danışıb: “Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq. Az sonra Malta Farer adaları ilə qarşılaşacaq. Oyuna baxıb analiz edəcəyik. Səfərdə ağır oyun keçəcək, hava isti olacaq”.
Son xəbərlər
Son Xəbərlər