1882-ci ildə C.Mortonun anadan olduğu 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.
Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.