“Bu gün də uduzsaydıq, heç bilmirəm nə olacaqdı”

bu-gun-de-uduzsaydiq-hec-bilmirem-ne-olacaqdi
Oxunma sayı: 935

Topaz Premyer Liqasında 22-ci turun qarşılaşmaları davam edir.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "Sumqayıt" öz meydanında AZAL-ı qəbul edib.

“Kapital Bank Arena” matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərh edib:

“Ardıcıl məğlubiyyətlərdən sonra üzərimizdə təzyiq hiss edirdik. Həm ətrafdan, həm də daxildən bu təzyiqi hiss edirdik. Bu gün də uduzsaydıq, heç özüm də bilmirəm, nələr baş verəcəkdi. Açığı, oyundan tam razı qalmadım. Futbolda belə hallar olur: bəzən istənilən oyunu ortaya qoymayıb, 3 xalı bayram edirsən. Bu gün məhz bu cür oyunun şahidi olduq. Fasiləyədək küləyə qarşı oynasaq da, daha məzmunlu futbol sərgilədik”.

- Amil Yunanov son oyunlarda fərqlənə bilməsə də, hiss olunur ki, onu oynatmaq istəyirsiniz. Nə baş verir, Amilə nə olub?
- Yunanov çox çalışır. Özü də qol vurmaq istəyir. Bəzən bu istək mənfi təsirini də göstərir. Ötürmə əvəzinə iti bucaq altından zərbə endirdi. Hücumçu hər oyunda qol vurmağa məcbur deyil.

- Pərdis Fərcad Azadı son dəqiqələrdə meydançaya buraxmaq istəyirdiniz. Ancaq nəsə baş verdi və Tofiq Mikayılov Xəyal Nəcəfovu əvəzlədi. İranəsilli futbolçu da oyunu sonadək izləməyərək, əsəbi şəkildə stadionu tərk etdi.
- Pərdisin bu hərəkətini görməmişəm, mütləq araşdıracağıq. O ki qaldı əvəzetmə epizoduna, o, Amil Yunanovun əvəzinə meydançaya daxil olmalı idi. Amma Xəyal Nəcəfovun əvəzetmə istəməsi planlarımızı dəyişdi və Yunanovu sonadək oynatdıq.

- Qarşıdan "Kəpəz" səfəri gəlir. Gəncə stadionunun durumunu nəzərə alsaq, süni meydançada hazırlıq keçmək oyununuza təsir göstərməyəcək?
- Biz bu qarşılaşmaya təbii örtüklü Mehdi Hüseynzadə adına stadionun meydançasında hazırlaşacağıq.