Bu gün imtahandır

bu-gun-imtahandir
Oxunma sayı: 2491

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

“Qafqazinfo” DİM-ə istinadən xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Onun başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar binaya buraxılmayacaqlar.

İmtahan keçirilən şəhər və rayonlarda 70 bina, 1242 zal ayrılıb. İmtahanda 16 min 620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15 min 159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3 min 950 nəfəri oğlan, 12 min 670 nəfəri isə qızdır. 

14 min 784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. Onlardan 32 nəfəri ali təhsil müəssisələrinin, 224 nəfəri isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Əlli bir abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.