Bu gün Moskvada Səracla Haftarın görüşü olacaq

bu-gun-moskvada-seracla-haftarin-gorusu-olacaq
Oxunma sayı: 998

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu gün Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında görüş keçiriləcəyini təsdiqləyib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutacaq.

Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu, eyni zamanda, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar ilə görüşəcəklər. Tərəflər Liviya, Suriya və Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, yanvarın 8-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin tərəflərini barışmağa çağırıblar və danışıqlar masasına oturmağı təklif ediblər. Xəlifə Haftar əvvəlcə Rusiya və Türkiyə liderlərinin təklifini rədd edib və Tripolidə hücumu davam etdirməyə qərar verib. Lakin daha sonra tərəflər yanvarın 12-si gecə saatlarında atəşkəs elan ediblər.