Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var
Oxunma sayı: 1279

Bu gün əvvəlki illərin məzunları üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      imtahana buraxılış vərəqəsini; 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanlarda 8370  abituriyentin iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 

–    əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

–    ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili);

–    ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) üçün buraxılış (qəbul) imtahanı;

–    Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir. Qeyd edək ki, abituriyentlər 10 iyul qəbul imtahanından dərhal sonra Azərbaycan dili imtahanını verirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi