“Bu, hər birimizin üzərinə məsuliyyət hissi qoyur”

bu-her-birimizin-uzerine-mesuliyyet-hissi-qoyur-
Oxunma sayı: 648

Nəqliyyat naziri Ziya Məmmədov yap.org.az saytına müahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- Ziya müəllim, gəlin əvvəlcə son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlara bir nəzər salaq...

- Azərbaycan Respublikasının sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməllər yaratmışdır. Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın öz müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və buğünkü qüdrətli Azərbaycan dövlətinin yaranması Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.

İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Respublika rəhbərliyinin xüsusi dəstəyi və səyləri nəticəsində respublikanın nəqliyyat-yol kompleksi də günbəgün yenilənir, daha da inkişaf edir, avtomobil yolları infrastrukturu genişlənir və səviyyəsi yüksəlir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planlarının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

- Bu uğurlarda nəqliyyat-yol kompleksinin öz çəkisi var...

- Əlbəttə, təkcə son 1 ilin göstəricilərinə nəzər salmaq kifayətdir ki, nəqliyyat sektorunun dinamik inkişafı göz önündə canlansın. Diqqətinizə çatdırım ki, 2012-ci il ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, yük və sərnişin daşımaları 2011-ci ilə nisbətən müvafiq olaraq 6,2 və 8,4 faiz artaraq 153,5 milyon ton yük və 1,6 milyard nəfər sərnişin təşkil etmişdir. Yüklərin 22,9 milyon tonu dəmir yolu, 12,4 milyon tonu su, 117,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 11,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 1,7 milyard manat təşkil etmişdir.

- Görülmüş işlər öz yerində. Qarşıda bizi mötəbər yarışların ev sahibliyi kimi məsuliyyətli vəzifələr gözləyir. Avropa yay Olimpiya Oyunları da bu qəbildən olan çox əhəmiyyətli bir tədbirdir. Yəqin ki, bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırırsınız.

- Bütün sahələrlə yanaşı ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim. Bu gün Azərbaycan idmançıları böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə “ev sahibliyi” edir. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. Bu münasibətlə dövlət başçısı Azərbaycan xalqına təbriki və söylədiyi fikirlərlə bu tarixi hadisənin qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həmdə bu mötəbər tədbirin keçirilməsi hüququnun Azərbaycanın ən layiqli namizəd olaraq parlaq qələbəsi kimi qiymətləndirmişdir. Bu qələbə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və Möhtərəm Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasından bəhrələnir.

Şübhəsiz ki, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət hissi qoyur, bu oyunların yüksək səviyyədə keçirilməsi üçün böyük təşkilatçılıq işləri tələb edir.

Biz yaxşı dərk edirik ki, olimpiyada iştirakçılarına, şəhərimizin qonaqlarına və vətəndaşlarımıza yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda keçirilən bir çox beynəlxalq idman tədbirləri, bilavasitə dövlətin dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən “Evrovijn” mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə əsas verir ki, qarşıdakı Olimpiya Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.

- Nəqliyyat Nazirliyi tərəfindən konkret hansı təkliflər irəli sürülüb?

- Nəqliyyat Nazirliyində bu mövzuda konkret təkliflər müzakirə edilir və kompleks Tədbirlər Planı hazırlanır. İlkin məlumata görə 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Hava Limanı, Bakı Dəmir Yolu vağzalı, Avtomobil Nəqliyyatı strukturları nəzərdə tutulur.

Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Hava Limanı vasitəsi ilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcəkdir.
Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxslərin, həmçinin idmançılar və onları müşayiət edənlərin Olimpiya şəhərciyindən Olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turist gəzintilərinə daşınması həyata keçiriləcəkdir.

Əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hal hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaqdır. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaqdır. Həmçinin, Buzovna-Mərdəkan-Qala və Qala-Zığ şössesi, bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşdırılacaqdır. Şəfa stadionun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcəkdir. Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaqdır.
Eyni zamanda, respublika və yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir.
Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaqdır. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcəkdir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcəkdir. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac vardır.

Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaqdır ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və Təşkilat Komitəsinə müvafiq hesabatlar təqdim olunacaq.

Sonda əmin etmək istərdim ki, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq dövründə və oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrası vaxtında və yüksək səviyyədə təmin olunacaqdır.