Bu il Bakıda maliyyə probleminə görə Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilməyəcək.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə festivalın bəddi rəhbəri Olqa Rostropoviç bildirib.
“Təəssüf ki, indi dünyada baş verən maliyyə probleminə görə bu il Bakıda festival keçirilməyəcək. Ümid edirik ki, festivalı gələn il - Mstislav Leopoldoviçin yubileyinin təsadüf etdiyi ildə yenidən keçirməyə müvəffəq olacağıq”, - deyə O. Rostropoviç söyləyib.
Xatırladaq ki, sonuncu dəfə VIII Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı 2015-ci ilin mayında keçirilib.
***
Məsələylə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov report-a açıqlamasında bildirib ki, Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalının keçirilməsinin bu il təxirə salınması maliyyə məsələləri ilə bağlı deyil. Festival 2017-ci ildə M.Rostropoviçin 90 illik yubileyi münasibətilə keçiriləcək:
"Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində bu və ya digər formada müxtəlif festivallar, beynəlxalq müsabiqələr keçirilir. Bu layihələr bəzən hər il deyil, 2-3 ildən bir keçirilir. Bu, nazirliyin iş planına, qrafikinə uyğun olaraq və yubileylərlə əlaqədar növbəti ilə keçirilir. Konkret olaraq, bu festivalın 2017-ci ildə təşkil edilməsi nəzərdə tutulur. Festival 2017-ci ildə M.Rostropoviçin 90 illik yubileyinə həsr ediləcək. Konkret olaraq, bu festivalın keçirilməsi maliyyə dəstəyi ilə bağlı deyil".
Şöbə müdiri qeyd edib ki, bəzi festivalların hər il təşkil edilməsi ənənə şəklində deyil: "Yəni ənənəvi olaraq hər il keçirilən və keçirilməyən festivallar var. Elə festivallar ki, onların təşkili yubileylərlə bağlı olur. Festivalların təşkilati məsələlərini Mədəniyyət və Turizm Nazirliyi, həmçinin tədbirin keçirilməsinə köməkçi olan təşkilatlar həyata keçirir. Məlumat üçün deyim ki, Qara Qarayev Festivalı və Bülbül adına Vokalçıların Beynəlxalq Musiqi Festivalının da növbəti illərdə keçirilməsi nəzərdə tutulub. Bülbül adına Vokalçıların Beynəlxalq Musiqi Festivalı 2017-ci ildə Bülbülün 120 illik yubileyi münasibətiylə keçiriləcək".
Son xəbərlər
Son Xəbərlər