Bu ilin 9 ayında sahibkarlara 130 milyon manat güzəştli kredit verilib

Bu ilin 9 ayında sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
Oxunma sayı: 777

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır.

İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib. Qeyd edək ki, hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 mln. manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb.

İclasda bildirilib ki, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb. Özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.

Ölkə iqtisadiyyatında sənayenin prioritetlərdən olduğunu qeyd edən Şahin Mustafayev bu sahənin inkişaf potensialının araşdırılmasının və təhlillərin aparılmasının intensivləşdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına konkret təkliflərin hazırlanmasına dair tapşırıqlar verib.

İclasda qeyd olunub ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 mln. manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 mln. güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir.

İxracın dəstəklənməsi məqsədilə 2019-cu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 mln. ABŞ dolları dəyərində məhsul ixracına görə 7,2 mln. manat ixrac təşviqi ödənilib.

İclasda mikro, kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılmasının sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğu diqqətə çatdırılıb. Bu baxımdan KOB-lara dəstək məqsədi ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-sentyabr ayları ərzində sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Bu dövrdə 8 KOB Dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb.

Ş.  Mustafayev Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, müşavirədə verilmiş proqram xarakterli hər bir tapşırıq üzrə ayrıca geniş və əhatəli Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin təltif olunmuş bir sıra əməkdaşlarına medal və onların vəsiqələri təqdim edilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi