Bu ilin birinciləri - Fotosessiya

Bu ilin birinciləri
Oxunma sayı: 11395

Bu gündən Azərbaycanda yeni dərs ili start götürür. Pandemiyadan sonra ilk dəfədir ki, Bilik Günü bütün siniflər ənənəvi qaydada tədrisə başlayırlar. 

“Qafqazinfo” paytaxtın Nərimanov rayonunda 82 saylı orta məktəbdə olub, ilk dərs gününü izləyib. Düşmən təxribatı nəticəsində çoxsaylı şəhidlərimizin  olmasını nəzərə alaraq ölkənin bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirlər ləğv olunub. Digər məktəblərdə olduğu kimi, bu məktəbdə də Bilik Günü adi günlərdən biri kimi başlayıb. Üçrəngli bayraqlarla məktəbə yeni qədəm qoyan birincilərə şəhidlərimizlə bağlı məlumat verilib. Bildirilib ki, əllərində tutduqları bu bayraqların daim ucalması üçün şəhidlərimiz öz canlarından keçiblər. 

Tədbirdə həmçinin qeyd olunub ki, məktəbin 11 məzunu Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Onlardan 9-u Birinci Qarabağ müharibəsində şəhid olub. Vaxtilə bu təhsil ocağında oxumuş polkovnik Qərib Baxşəliyev və əsgər Əhmədağa İsgəndərov isə İkinci Qarabağ müharibəsində canlarından keçiblər. 

Sinif otaqlarında isə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. 

Qeyd edək ki, bu il ümumi təhsil müəssisələrində ümumilikdə 1 616 214 şagirdin təhsil alacağı proqnozlaşdırılır. I sinfə gedən şagirdlərin sayı isə 158 297 nəfərdir.

İlk dərs günündən çəkilmiş fotoşəkilləri təqdim edirik:

Gülnar Əliyeva

Fotolar: Müzəffər İsmayılov