“Bu, inqilabi dəyişiklik olacaq”

bu-inqilabi-deyisiklik-olacaq-
Oxunma sayı: 1354


“Qafqazinfo” xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov nəzərdə tutulan dəyişikliklərin mənfi və müsbət tərəflərini şərh edib. O, bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsinin sanksiyası bir neçə ay əvvəl pərdə və plyonkanın ucbatından 3 dəfə artırılaraq 150 manat cərimə müəyyən edilmişdi. İndi həmin yanlışlığın bir az düzəldilməsi nəzərdə tutulur və bu düzəliş baş tutsa, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan nəqliyyat vasitəsinin istismarına görə cərimə 150 manatdan 50 manata endiriləcək.

Digər dəyişiklikdə isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr (yəni radarlar və kameralar) müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 

“Bildiyimə görə, həmin müvafiq icra hakimiyyəti orqanı dedikdə, “ASAN” xidməti nəzərdə tutulur. Ən inqilabi dəyişiklik isə ondan ibarətdir ki, İXM-in 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1-ci, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları əsasında inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “ASAN” xidmətində tərtib olunacaq. Özü də yeni dəyişiklik foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə sürücüləri DYP orqanlarına çağırmağı, hətta DYP əməkdaşının nəqliyyat vasitəsini dayandıraraq belə xətalar haqqında protokol tərtib etməsini də qadağan edir.

Xatırladıram ki, yuxarıda sadalanan maddələr yol hərəkəti qaydalarının sürücülər tərəfindən pozulmasının demək olar ki, hamısını əhatə edir. Bura nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsindən, istənilən manevrlərdən, nişanların tələblərini pozmadan tutmuş, sürət rejimini, svetoforun tələbini, dəmiryol keçidindən keçmə qaydalarını pozmaya, hadisə yerindən yayınmayadək hər şey daxıldir.

Sürücülər üçün çox əhəmiyyətli bir yenilik cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə hər gecikdirilən gün üçün hesablanan dəbbə pulunun əvvəlki kimi 3 deyil, 2 aydan çox olmamaq şərti ilə tətbiq edilməsi olacaq. Yəni bu dəyişiklikdən sonra gecikdirilmənin maksimal həddində cərimə 120% artacaq (indi 180% artır).

Bir sözlə, ciddi dəyişikliklərdir. Düzdür, müəyyən praktiki çətinliklər də bəri başdan sezilir. Amma görək MM nə qəbul edəcək və bu yeniliklər necə tətbiq olunacaq”.