“Bu, iş adamlarına pis mesaj oldu”

bu-is-adamlarina-pis-mesaj-oldu
Oxunma sayı: 3988

İqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli son günlər bank sektorunda yaranmış vəziyyət və 4 bankın bağlanmasıyla bağlı “Qafqazinfo”ya müsahibə verib. 

- Aprelin sonu 2 bankın, bu ay isə növbəti 2 bankın bağlanması pandemiya dövründə işçilərin işsiz qalması ilə nəticələndi. Ümumiyyətlə, necə hesab edirsiniz 4 bankın hamısının bağlanılması labüd idimi, yoxsa hansınısa qurtarmaq, birləşdirmək imkanları var idimi? 

- Azərbaycanda bankların birləşdirilməsi və yaxud bağlanması ilə bağlı qərarın verilməsi Mərkəzi Bankın səlahiyyətində deyil.  Əslində banklar öz aralarında müəyyən danışıqlara gedib birləşdirilmə haqqında qərarlar verə bilərlər. Çünki Mərkəzi Bank ancaq sonda belə bir addım atılarsa yeni yaradılmış bankın lisenziyasının verilməsiylə bağlı dövriyyəyə girməlidir. Ancaq Azərbaycanda təəssüf ki bu belə deyil. Bizdə iqtisadi mədəniyyət hələ tam formalaşmayıb. Bizdə nə şirkətlərin, nə də bankların birləşdirilməsiylə bağlı praktika zəif inkişaf edib. Problemin də kökündə o dayanır ki, səhmdarların müxtəlif şəxslər olması və onların razılığa gəlməsi problem yaradır. İkincisi, birləşmə tək aktivlərin yox, həm də passivlərin birləşdirilməsidir. Ona görə də bir çox banklar bu yolu getmək istəmir. Çünki borcların və öhdəliklərin birləşdirilməsi bankların daha ağır vəziyyətə salmasına səbəb ola bilər. Ona görə də Mərkəzi Bank bankların birləşdirilməsini tələb edə bilməzdi.  Ancaq bankları xilas edə bilərdi.  Bu həm kredit şərtlərinin açılması, banklara kapital axının saxlanılması yoluyla edilə bilərdi. Görünür, bunu etmək istəmədi və pis bir zamanda bankları bağladı.  Bu banklarla bağlı iqtisadi və maliyyə problemləri bir neçə il idi ki var idi. Ötən il “Atabank” depozitləri  belə qaytara bilmirdi.  Zamanında  Mərkəzi Bank tərəfindən atılmalı olan addımlar var idi. Keçən il bunu ona görə etmədilər ki, hər şey yaxşı gedirdi və bank sektorunda  müəyyən aktivliklərin artımı var idi. Prezidentin problemli kreditlərin həlli ilə bağlı fərmanı var idi.  Bank sektoruna yenidən inam yaranmışdı. Belə bir şəraitdə Mərkəzi Bank bankların bağlanması məsələsinə getmədi. Bu da yeri gəlmişkən çox sərt qərar idi. İndiki halda, bankların bağlanması isə bank sektoruna yaranmaqda olan inamı yenidən zədələməyə səbəb oldu. Düşünürəm ki, zamanlama etibariylə ən pis zamanda verilmiş  qərar olduğuna görə həm vətəndaşların, həm də biznes sektorunun  bank sektoruna inamı getdikcə azalacaq. 

- MB sədri  bağlanan banklarda iş adamlarının cari hesablarında qalan pullarını çıxara bilməməsiylə bağlı məsuliyyətin onların öz üzərində olduğunu deməsi  xeyli müzakirələrə səbəb oldu. Sizcə, bu belə olmalıdırmı? 

- Elman Rüstəmov uzun illərdir ki, Mərkəzi Bankın rəhbəridir. 30 il ərzində ən pis və bank rəhbərinə uyğun gəlməyən açıqlaması yəqin ki, bu açıqlama olacaq və tarixdə bununla qalacaq. Çünki bank sisteminə inamın saxlanılmasında başlıca rolu Mərkəzi Bank oynayır. Amma Mərkəzi Bankın rəhbəri dedi ki, iş adamlarına görə təəssüf edirəm ki, onların vəsaiti bata bilər. Yaxşı bank seçərdilər. Hansı bankın  yaxşı, hansı bankın pis olduğu barədə Mərkəzi Bank iş adamlarına məlumat verməlidir.  Mərkəzi Bank requlyator olaraq öz işini yaxşı görsəydi, iş adamlarına hansı bankların problemlərin olduğu barədə məlumat verərdi. Ancaq bunu etməyib. Mərkəzi Bank həm iş adamları, həm də vətəndaşlar üçün güvən mənbəyidir. Bu açıqlamayla Elman Rüstəmov sanki rəhbəri olduğu orqanın özünün şəxsi məsuliyyətini üzərindən atmağa çalışır. Bu əslində iş adamlarına pis bir mesaj oldu. İndi başqa banklarda cari hesabları olan iş adamları da təlaşa düşdülər.  Düşünürəm ki, bu bəyanatın özü bank sistemində kiçik və orta sahibkarların öz cari hesablarında pul saxlamamasına səbəb olacaq. Hamı çalışacaq ki, istənilən  bankdakı cari hesabdan vəsaitini geri çəksin. 

- Hazırda mövcud olan 26 bank I rübün audit nəticələrini açıqlayıblar. Mərkəzi Bank bu yerdə qalan banklarda  yoxlamaların aparıldığını və nəticələrin qənaətbəxş olduğunu vurğulayır. Sizcə, bu situasiyada həmin bankların audit nəticələrinə  vətəndaş və biznes sektoru nə qədər inana bilər?

- Bu bir qədər çətin məsələdir. Çünki bankların audit hesabatının açıqlamasının real vəziyyəti əks etdirdiyini demək çətindir. Ən son bağlanan 4 bankın da audit hesabatında hər şey güllük gülüstanlıq idi.  Ciddi problemlər olduğu görünmürdü. Audit hesabatlarının bank sektorunda vəziyyəti ölçmək üçün böyük əhəmiyyəti var. Mərkəzi Bank da özünün daxili  mexanizmləri vasitəsiylə bağlı qiymət verməlidir. Mərkəzi Bank deməlidir ki, A və ya B bankının hansı tərəfləri problemlidir. 

- Bir müddət əvvəl gözlənilirdi ki, Elman Rüstəmov artıq səlahiyyət müddəti başa çatıb və bu postuyla vidalaşacaq.  Ancaq  eyni zamanda MB sədrinin keçmiş Maliyyə Palatasının rəhbəri və müavini ciddi rəqabət halında olması görünürdü. Nəticə elə oldu ki, Rüstəmov rəqiblərini sıradan çıxartdı və yenidən MB rəhbəri oldu, banklarla bağlı nəzarət funksiyası da onun əlinə yenidən keçmiş oldu...

- Elman Rüstəmov öz işində kifayət qədər peşəkardır. Buna heç kim etiraz edə bilməz. Mərkəzi Banka qoyulan çərçivələr çərçivəsində çalışmağa məcburdur. Əksər dünya ölkələrində Mərkəzi Banklar hökumətdən asılı olmayan müstəqil qurumdurlar. Bizdə isə Mərkəzi Bankı hökumətin bir parçası kimi görürlər. Bizdə Prezident və hökumət üzvləri birbaşa Mərkəzi Banka göstəriş verə bilər. Dünyanın heç yerində belə  şey yoxdur. Bu çərçivələr və Azərbaycan reallığı var. Bu reallıqlar çərçivəsində Elman Rüstəmov bacardığını edə bilir. Rəhbərliyə istənilən şəxsi gətirsən də ,eyni oyun qaydaları qalacaq. Onun da göstərəcəyi nəticə heç də yaxşı olmayacaq. Ola bilər ki, sadəcə onu yerinə gələn şəxs daha sadə dildə danışsın. Həm Kütləvi İnformasiya Vasitələrinin, həm də vətəndaşların anlayacağı bir dildə açıqlama versin. Bundan əlavə, Elman Rüstəmovun özünün işdən çıxarılması ciddi fəsadlara səbəb ola bilərdi. Yəqin ki bunu da düşünüblər. 

- Son olaraq, pandemiya dövrünün yaşatdığı iqtisadi çətinliklər fonunda manata təzyiqlər arta bilərmi? Mərkəzi Bank rəhbərliyi manatın vəziyyətinin stabil saxlanılacağını vurğulayıb...

- Elman Rüstəmov da açıqlamalarında sübut etdi ki, bizdə manat tam inzibati qərarla tənzimlənir. Bizdə bazar iqtisadiyyatı yoxdur. Mərkəzi Bank 2015- ci ilin sonunda və 2016-cı ilin əvvəllərində bəyan etdi ki, fiskal məzənnə dövrüdür. Sonra etiraf etdilər ki, tam tənzimlənən məzənnə rejimidir. Ancaq burada iqtisadi kateqoriyalar kənarda qalır. Hökumətin siyasi baxışlarına əsasən məzənnənin müəyyən edilməsinə görə iqtisadi hesablamaları aparmaq çətindir. Hazırda neftin qiymətlərinin indiki halında Azərbaycanda hansı problemlərin yaxın gələcəkdə yaşanması ehtimallarını nəzərə alsaq, ciddi problemlər ehtiyatların əriməsinə səbəb olacaq. Hökumət rəhbərliyinin manatla bağlı hansı siyasi qərarı olacaqsa, məzənnə də o siyasi qərara uyğun olaraq müəyyənləşəcək. Məncə, ilin sonuna kimi məzənnəni indiki səviyyədə saxlamaq çox çətin olacaq.

Günel Türksoy