“Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanımız üçün dividend gətirə biləcək haldır. Özü də ola bilsin, böyük dividend”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert İlqar Altay Rusiya ilə Türkiyə arasındakı son proseslərə münasibət bildirərkən deyib. O, bildirib ki, hər zaman Rusiyanın xarici və daxili siyasətini, xüsusən qonşu postsovet məkanındakı davranışını tənqid edirik: “Ancaq Rusiya, qarşılıqlı münasibətdə bizim ölkəyə xeyli dərəcədə zərər və ya, xeyir verə biləcək qədər böyük və güclü qonşu ölkədir. Və reallıq da odur ki, Qarabağ məsələsində ən önəmli söz sahibidir. Türkiyə-Rusiya yaxınlaşması çox güman ki, həm də Rusiya ilə türk birliyi ölkələrinin yaxınlaşmasıdır. Bu yaxınlaşmada Qazaxıstan və Azərbaycanın da rolu heç olmamış deyil. Ölkə prezidentləri İlham Əliyev və Nursultan Nazarbayevin Rusiya və Türkiyə barışığındakı rolundan söhbət gedir mətbuatda. Belə halda burada, çox yəqin ki, Azərbaycanın haqlı maraqları nəzərə alınmamış olmayacaq”.
Qarabağ məsələsinə gəldikdə isə İ. Altay deyib ki, belə gedişatda Rusiyanın illərlə sırf Ermənistan tərəfli mövqeyindən neytral, ədalətli mövqeyə keçidinin baş verməsi gözləniləndir: “Bunun da nəticəsi işğaldakı torpaqlarımızın geriyə qayıtması olacaq. Ermənilərin Rusiyadan kəskin kütləvi etiraz və çıxışlar səviyyəsində soyuması da həmin prosesin göstəricisidir. Yəni ki, sən öz işlərinin yaxşı və ya pis getməsini düşmənin sevinci və ya hirsindən öyrənə bilərsən. O səni yaxşı müşahidə edir.
Mənim fikrimcə, bu yaxınlaşma, yəni Moskvanın Türkiyə və türk birliyinə doğru dönüşü və bu ərtafda anlaşmalar apreldən də qabaq başlayıb. Bunun da səbəbi, əminəm ki, Türkiyənin rus ucaqını payızda vurması və Rusiyanın Suriya kampaniyasını pozmasından başlayıb. Mənim həmin vaxt bir yazım oldu ki, bu uçaq hadisəsi tarixi dönüş nöqtəsidir, Rusiyanın aylmasına və türk birliyinə qarşı ayıq, ədalətli mövqe tutmasına gətirəcək. O zaman Yerevan da görünür, bəzi xarici kəşfiyyatlar vasitəsi ilə bu anlaşma barədə məlumatlandı. Bakının nəbzini yoxlamaq üçün təmas xəttində hücuma keçdi, ordumuz tərəfdən əks-hücüm payını aldı. Bu sərt, dağıdıcı əks-həmləyə görə Moskvadan Azərbaycana, ermənilərin və çoxlarının gözlədiyi kimi sərt reaksiya olmadı. Yəni, 2008-də Cənubi Osetiyaya görə Rusiyanın Gürcüstana basqısı kimi bir şey olmadı. Və Ermənilər də bunu görüb, hər şeyi başa düşdülər və Rusiyadan küsüb, Qərbdə havadar axtarışına çıxdılar”.

İ. Altay bildirib ki, indiki halda iki ölkənin barışığından qazanan birinci növbədə Rusiya və Putindir: “ İndiki dünya siyasi və iqtisadi izolyasiyasından qurtulur. Böyük NATO üzvü ilə və qonşu türk birliyi ölkələri ilə qasrşılıqlı sərfəli əməkdaşlığa böyük yol açılır, bu bir. Putun və hakimiyyətinin öz əhalisi qarşısında nüfuzu qalxır. Rusiya Federasiyası daxilindəki çoxsaylı türkmənşəli xalqlar məsələsi də normal tənzim olunur. Ərzaqdan əziyyət çəkən ölkəsi yaxın və böyük ölkədən keyfiyyətli məhsul alır. İnsanları Krımın ümidinə qalmır, Türkiyə kurortlarına axın edir. Bacarıqlı, işgüzar, zəhmətkeş türklər yarımçıq qoyduqları Rusiya tikintiləri və istehsal sahələrinə qayıdır və bu ölkənin inkişafına tövhə verir. Demək istəyirəm ki, bu yaxınlaşma Rusiya üçün Türkiyədən az vacib deyil ki, çoxdur”.
Türkiyənin qazancına gəldikdə ekspert hesab edir ki, xüsusilə Qərb tərəfdən gördüyü etimadsızlığı kompensasiya etmək baxımından bu ölkənin uduşları çoxdur: “Eləcə də, türk birliyi dövlətlərinin uzun strateji planda türk birliyi, RF daxilindəki türk xalqları irəlidə olacaq bu yaxınlaşmada. Çünki, tarix elə gətirib ki, bu saat çoxsaylı türkmənşəli xalqların dağınıq, ya bir olması rıçaqları Rusiyanın əlindədir. Türk dünyasına yaxın və arxayın olsa, bu birliyə imkan verər, bundan təhlükə hiss etsə, hər vəchlə bu birliyi pozar. Ancaq bununla belə, hesab edirəm ki, bu məsələdə ən böyük uduş gözləntisi Azərbaycan üçün ola bilər. O mənada ki, Rusiyanın Qarabağ məsələsində tərəfsiz, ədalətli mövqeyi bizim, istər sülh, istərsə də, müharibə yolu ilə ermənilərin işğal torpaqlarımızdan çıxarılmasını reallaşdıracaq”.
Azərbaycanın bu yaxınlaşmada iştirakı, onun Rusiyanın yaratdığı bəzi birliklərə daxil olması və ya rus qoşunlarının Qarabağ zonasına yerləşdirilməsi ilə bağlı səslənən ehtimallara gəldikdə İ. Altay bunun reallıqdan uzaq, mümkünsüz olduğunu bildirir: “Əvvəla, Azərbaycan özünün ən zəif və onu istəməyənlərin ən güclü vaxtı müstəqilliyindən zərrə qədər keşmədisə, indən sonra onu heç kəsə, heç bir halda keçməz. Və bundan sonra onun mövqeyi hər hansı anlaşma, əməkdaşlıq və yaxud, birlik formatında daha da çox müstəqil status alacaq. Zaman bunu göstərir”.
