“Bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilib”

bu-layiheler-cox-murekkeb-siyasi-muhitde-heyata-kecirilib
Oxunma sayı: 931

“Ötən əsrin sonunda, fikrimcə, mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji ehtiyatlarının ixracı istiqamətində həyata keçirilən layihələrdən danışarkən bildirib.

Dövlət başçısı deyib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bundan bir il əvvəl - 2006-cı ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tikildi.

“Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev sözlərinə belə davam edib: “Biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir”

O bildirib ki, bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür: “Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini fərəhlənə biləcəyimiz layihə adlandırıb.