“Bu, məhkəmə sistemində korrupsiya risklərini azaldacaq”

“Bu, məhkəmə sistemində korrupsiya risklərini azaldacaq”
Oxunma sayı: 3651

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov Cinayət-Prosessual Məcəlləsinə təsdiq edilən dəyişiklikləri şərh edib.

"Qafqazinfo" xəbər verir ki, K. Cəfərov bildirib ki, Cinayət-Prosessual Məcəlləsində qəbul edilən dəyişikliklərin isə bir neçə istiqaməti var :"Birincisi, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmənin prosessual əsası müəyyən edilir. Bir sıra cinayətlərə görə şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. Sonuncu islahatlar nəticəsində bu həm məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı və ya məhkəmə icraatı zamanı məhkəmənin qərarı ilə həll ediləcək. 

Əvvəllər dövlət ittihamçısı yalnız ona məlum olan hallar çərçivəsində cinayət təqibini istisna edən hallar olarsa, cinayət təqibindən imtinanı bildirə bilərdi. Yeni dəyişiklik isə dövlət ittihamçısı hətta bəraetverici əsaslar olmadıqda belə müdafiə tərəfinin razılığı ilə cinayət təqibindən imtina edə bilər. 

Digər konseptual dəyişiklik isə məhkəmə proseslərinin audioyazısı ilə bağlıdır. Belə ki, məhkəmə iclasında sədrlik edən hakim iclasların fasiləsiz audioyazsının aparılmasını təmin etməlidir. Əgər məhkəmənin yazılı protokolu ilə audioyazı arasında ziddiyət olarsa, audioyazıya üstünlük verilir. Bununla yanaşı bütün prosesual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, qeydiyyatı və dövriyyəsi təmin ediləcək. 

Məhkəmə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayətlər barədə məlumat almaq imkanı təmin ediləcək, onlara bu barədə elektron bildirişlər həm elektron poçt, həm də sms vasitəsilə bildiriləcək. Eyni zamanda əvvəllər dindirməyə çağırış vərəqələri ilə çağırılırdılar, indisə həm sms bildiriş, həm elektron sistemdən istifadə edilməklə çağırıla bilər. Bütün sənəd dövriyyəsinin təhlükəsizliyinin təminatı üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imzadan istifadə ediləcək. Həmçinin bütün elektron sənədlər kağız sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq. Əgər sənədlər elektron sistem vasitəsilə təqdim edilərsə, məhkəmə həmçinin onun digər qaydada verilməsini tələb edə bilməz". 

Deputat vurğulayıb ki, digər konseptual dəyişiklik isə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası ilə bağlıdır: "Əvvəllər müddətin bərpası üçün yeganə əsas fövqəladə hadisə idi. Bu da kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını imkansız edirdi. İndi yeni bir əsasın əlavə edilməsi təklif edilir. Əsas kimi həmin şəxsin iradəsindən asılı olmayan digər hal kimi müəyyən edilir. Eyni zamanda əvvəllər şəxs bu müddətin bərpası üçün Ali Məhkəmə qarşısında vəsatət qaldıra bilərdi. İndi isə bu imkan apelyasiya məhkəmələrinə verilir. Çünki əvvəl bu məsələyə bir məhələdə Ali Məhkəmədə baxılırdı, indi isə həm Apelyasiya, həm də Ali Məhkəmə baxa bilər. 

Daha sonra əvvəl əgər müddət bərpa edildirsə, bu barədə yalnız həmin şəxsə məlumat verilirdi, yeni dəyişiklik isə Apelyasiya Məhkəməsinin üzərinə öhdəlik qoyur ki, Apelyasiya Məhkəməsi cinayət işini materiallarla birlikdə Ali Məhkəməyə təqdim edilməlidir. Əgər Apelyasiya məhkəməsi müddəti bərpa etməzsə, şəxs bu barədə Ali Məhkəməyə müraciət edə bilər. 

Sonuncu konseptual dəyişiklik isə xarici dövlətlərin məhkəmələrin hökmlərinin tanınması ilə bağlıdır. Bildiyiniz kimi, bundan əvvəl xarici dövlətlərin məhkəmələrinin qərarlarının tanınması yalnız beynəlxalq müqavilə mövcud olduğu halda mümkün olurdu, indi belə beynəlxalq müqavilə olmadıqda qarşılıqlı prinsip əsasında tanınacaq. Eyni zamanda xarici dövlətlərin müvafiq qurumları tərəfindən təqdim ediləcək müraciətin məzmunu və hansı məlumatlar təqdim edilməlidir, onlar göstərilməlidir. Xarici dövlətin məhkəmə hökmü ilə bağlı sorğu baxılması üçün Baş Prokurorluğa təqdim edilir. Baş Prokurorluq isə həmin sorğunun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır. Əgər sorğu qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verərsə Baş prokuror və ya müavini bu barədə təqdimatı Apelyasiya Məhkəməsinə təqdim edir. Məhkəmənin vaxtı və yeri barədə bütün tərəflər məlumatlandırılır. Xarici dövlətin məhkəmə qərarı tam, qismən və ya tanınmaya bilər. 

Yekun olaraq, Cinayət Prosessual Məcəlləyə qəbul edilən dəyişiklikləri məhkəmə-hüquq sistemi üçün konseptual innovasiya hesab edirəm. Bu dəyişikliklər məhkəmə-hüquq sistemini, prosesual hərəkətləri daha da şəffaf edəcək, bu sahədəki səmərələliyi artıracaq, həm hakimlərin, prokurorların həm də vətəndaşların prosesual yükünü azaldacaq, onlar arasında təması minimuma endirəcək. Bu da öz növbəsində məhkəmə-hüquq sistemində korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldacaq, vətəndaşların etimadını artıracaq".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi