“Bu mənfi təsirləri minimuma endirmək üçün təcili tədbirlər görülməlidir”

bu-menfi-tesirleri-minimuma-endirmek-ucun-tecili-tedbirler-gorulmelidir
Oxunma sayı: 6636

“İqlim dəyişiklikləri nəticəsində meydana çıxan ekoloji problemlərin dərinləşdiyi bir vaxtda ölkələr tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi mühümdür. Qlobal istiləşmənin yaratdığı fəsadlar yalnız bir ölkənin deyil, bütün planetin problemidir. Beləliklə, bu məsələlərin həllində dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri əməli addımları ilə yerinə yetirməlidirlər. Su, havanın çirklənməsi, həmçinin son illərdə artan səs çirklənməsi insan orqanizminə də fəsadsız ötüşmür. Ümumilikdə bütün planetin günümüzdəki məsələlərinin müzakirə olunacağı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsi faktı böyük əhəmiyyətə malikdir. Ətraf mühit məsələlərinin müzakirəsi, insan orqanizminə təsirləri və bu problemlərin həlli istiqamətində səylərin birləşdirilməsi bu gün ən vacib faktorlardan biridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə bildirib. 

COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan şöbə müdiri qeyd edib ki, iqlim dəyişikliyinin insan sağlamlığına təsiri son dərəcə vacib mövzudur və bu mənfi təsirləri minimuma endirmək üçün təcili tədbirlər görülməlidir: “Məlumdur ki, iqlim dəyişikliyinin yaratdığı problemlər allergik xəstəliyi olan şəxslərdə simptomların ağırlaşmasına səbəb ola bilir. Astma və allergik rinokonyunktivit kimi xroniki respirator allergik xəstəlikləri olanlar tozcuqlara məruzqalma, hava çirkləndiricilərinin konsentrasiyası və paylanmasının artması səbəbindən risk altında olurlar. Dərhal müdaxilə edilməzsə, insan sağlamlığına mənfi təsirləri daha da arta bilər. Orqanizmimiz ekoloji dəyişikliklərə uyğunlaşmaq qabiliyyətinə malikdir, ancaq bunun üçün uzun vaxt tələb olunur. Beləliklə, planetimizi qorumaq üçün iqlim dəyişikliyinin yaratdığı problemlərlə bağlı preventiv tədbirlərin görülməsi vacibdir”.  

C.Hüseynzadə vurğulayıb ki, allergik rinitin ən çox görülən səbəblərindən biri polendir və Avropada geniş yayılıb. Robert Kox İnstitutunun verdiyi məlumata görə, Almaniyada bu xəstəlik hazırda 12 milyondan çox uşaq və yeniyetməni əhatə edir. 

Həkim bildirib ki, isti havalar bitkilərin daha erkən çiçəklənməsinə səbəb olduğundan  polen mövsümü də tez başlayır və daha uzun çəkir: “Bundan əlavə, istixana emissiyaları atmosferdəki karbon dioksidin səviyyəsini artırır, bu qaz bitkilərin polen istehsalını artırmağa təkan verir. Beləliklə, əvvəllər daha soyuq iqlimə malik ölkələrdə havanın temperaturunun artması polen istehsal edən bitkilərin yayılmasına və inkişafına gətirib çıxarır. Proqnozlara görə, allergiyadan əziyyət çəkənlərin sayı artacaq.  Bundan da ən çox  uşaqlar əziyyət çəkirlər”. 

Onun sözlərinə görə, havanın orta temperaturu yüksəldikcə bu tendensiyanın artacağı proqnozlaşdırılır. Lakin karbon emissiyalarının azaldılması istiqamətində tədbirlər görülərsə, proses zəifləyə bilər: “Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyası 2050-ci ilə qədər avropalıların yarısında allergik xəstəliklərin müşahidə olunacağı qənaətindədir. “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmaya görə, Şimali Amerikada 1990-2018-ci illər arasında çiçək tozcuqları mövsümünün müddəti 20 gün, polen konsentrasiyası isə 21% artıb. Bu da əsasən qlobal istiləşmə ilə bağlıdır”.

Şöbə müdiri allergik xəstəlikləri olan şəxslərə tövsiyələrini də verib: “Simptomların pisləşməsini gözləmək əvəzinə həkimin təyin etdiyi dərmanların gündəlik qəbulu vacibdir. Allergiya yalnız göz qaşınması və ya burun axması deyil, həm də yuxarı tənəffüs yollarının iltihabıdır. Təsirə məruz qalanlar simptomlarla mübarizə aparmaq üçün burun spreylərindən, göz damcılarından və tabletlərdən istifadə edə bilərlər”.

C.Hüseynzadə növbəti 5-15 il ərzində polen mövsümlərinin daha uzun çəkəcəyini, bunun da allergiyası olanlara təsirinin artacağını vurğulayıb: “İqlim dəyişikliyinin polen mövsümünə, konsentrasiyalara və allergenliyə təsiri nəticəsində gələcəkdə Avropa əhalisinin polen və aeroallergenlərin təsirinə məruz qalması artacaq. Havada olan polen allergenlərinə məruzqalma və ya inhalyasiya burun, göz və bronxlarda allergik reaksiyalara səbəb ola bilər.  Bu  da yuxu pozuntusu, psixi sağlamlıq səbəbindən həyat keyfiyyətinin aşağı düşməsinə, məhsuldarlığın azalmasına və ya uşaqlar üçün məktəb performansının zəifləməsinə və yüksək səhiyyə xərclərinə səbəb olacaq”.

Bakıda keçiriləcək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyətindən söz açan mütəxəssis xatırladıb ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan COP28 ilk dəfə Sağlamlıq Gününə ev sahibliyi edib və konfransda bir sıra məsələlər üzrə ciddi müzakirələr aparılıb. 

Həkim yekunda COP29-da da iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin aradan qaldırılması istiqamətində maraqlı təkliflərin veriləcəyinə və bu yöndə mühüm addımlar atılacağına inamını ifadə edib.