“Bu mənim üçün zərbədir” - Azərbaycan millisinin üzvü

bu-menim-ucun-zerbedir
Oxunma sayı: 1550

Danimarkanın “Hobro” klubundan ayrılan Azərbaycan U-21 millisinin üzvü Onur Albayrak müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, Azərbaycan yığmasından da söz açıb.

Albayrak əvvəlcə millimizə necə dəvət almasından danışıb: “Məni Azərbaycan millisinə dəvət etdilər. Avstriyada Çexiyaya qarşı yoxlama oyununa çıxdım. Həmin matçı çox yaxşı keçirdim. Bundan sonra isə mütəmadi dəvət gəlməyə başlasdı. “Hobro”dan ayrılmağım mənim üçün zərbədir. Çünki U-21 milli komandasında yaxşı oyun göstərirdim. Ötən il də özümü sübut etmişdim. “Hobro”da forma şansı qazanmadığım üçün milli komanda vacib idi. Orada oynayıb özüm üçün təcrübə yığırdım. Millidə özümü göstərmək imkanı tapdım”.
 
O, “Azərbaycan yığmasını niyə seçdiniz” sualına belə cavab verib: “Düşünürdüm ki, Türkiyə və Danimarkada oynamaq şansım yoxdur. Hər halda dəvət almamışdım. Düzdür, Danimarkanın U-17, U-18 millilərində oynamışam. Amma bundan o tərəf keçmədi. Amma Azərbaycan dəvət etdi və əlimə fürsət düşdü. Mənim üçün şans idi. Amma U-21-də oynadığım üçün hələ də seçim imkanım var”.
 
Forvard ölkəmizlə Danimarkanı da müqayisə etməyi unutmayıb: “Azərbaycan fərqli mədəniyyətə malik ölkədir. Danimarkada daha sərbəst olursan. Bir az orada çətindir. Üstəlik, Danimarka millisində daha çox nizam-intizam qaydalarına əməl olunur, nəinki Azərbaycan yığmasında. Ancaq inkişafda olan bir ölkədir və futbolda irəliləyiş olduğunu görə bilərsiniz. Məsələn, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində oynadı. Biz eyni vaxtda milliyə 4 nəfər getdik. Mustafa Özhitay, Sərkan Baloğlu, Ozancan Kökcü və mən. İlk vaxtarda çətin idi”.