Bu mərkəzdə uşaqlar bir düymə ilə bir çox şəhərlərə “yollanırlar” - Video

bu-merkezde-usaqlar-bir-duyme-ile-bir-cox-seherlere-yollanirlar
Oxunma sayı: 3884

Təhsilin və texnologiyanın inkişafına dəstək verən bütün ölkələrdə müasir tipli elm mərkəzlərinə rast gəlinir. Cəmiyyətin, xüsusən uşaq və gənclərdən ibarət kəsimin elmə həvəsini, XXI əsr bacarıqlarını, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəltmək üçün belə mərkəzlər praktik əhəmiyyət daşıyır. Əvvəllər internet resurslarında və ya səfər etdiyimiz qonşu ölkələrdə heyranlıqla izlədiyimiz belə mərkəzlər artıq Azərbaycanda da var. Söhbət ötən gün Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışına qatıldığı “STEAM İnnovasiya Mərkəzi”ndən gedir. 

"Qafqazinfo" Mərkəzdə olub, burada yaradılan şəraitlə tanış olub. 

“STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun sözlərinə görə, mərkəz tam yeni konseptdə həm məktəblilər, həm də universitet tələbələri üçün nəzərdə tutulub: “Mərkəz iki konsepti özündə birləşdirir. Bu, həm elm muzeyi konseptidir, həm də müxtəlif innovativ təlim-tədris fəaliyyət zonalarıdır. Eyni zamanda burada elm teatrı və “STEAM” TV studiyası nəzərdə tutulub. 

Muzey konseptində müxtəlif fənlərdən, o cümlədən, fizika, kimyadan təcrübələr etmək olar. Təcrübələr həm eksponatlar şəklində mövcuddur, həm də VR otaqlarda təcrübələr mümkündür. Elm teatrında bu təcrübələr səhnələşdirilmiş şəkildə şagirdlərə çatdırılır. Muzey eksponatları hissəsi min kv metr ərazini tutur və 4 böyük otaqda yerləşir. Burada həmçinin İDEA emalatxanası, müxtəlif steam modullarını özündə birləşdirən “challenge lab” adı altında 2 böyük laboratoriya mövcuddur”.

Mərkəzin 4-cü mərtəbəsi bütünlüklə Nyuton konseptidir. Burada şagirdlər riyaziyyat coğrafiya, tarix və digər fənlərdən öyrəndikləri bilikləri inteqrativ şəkildə istifadə edirlər. Aviasiya simulyatoru ən maraqlı fəaliyyət zonalarından biridir. Burada Aviasiya Akademiyasının mütəxəssisləri təcrübə keçirlər. Təyyarənin havaya qalxması, enişi, hansı modullardan istifadə olunması real şəkildə əks olunur. 

Təlimçi Sadiq Mahmudlunun sözlərinə görə, simulyatorda şagirdlər əldə etdikləri nəzəri məlumatları praktiki olaraq tətbiq edirlər və uçuş bacarıqlarına yiyələnirlər: “Aviasiya məkanı iki hissədən ibarətdir. Birinci hissədə şagirdlərə nəzəri məlumatlar verilir. Simulyatorda isə şagirdlər əldə etdikləri nəzəri məlumatları praktiki olaraq tətbiq edirlər və uçuş bacarıqlarına yiyələnir. Hazırda olduğumuz yer Parisdir. Lakin seçim imkanları da var, dünyanın bir çox şəhər və ölkələrinin aeroportlarını tətbiq etmək mümkündür. Həmçinin hava rejimləri - gecə və ya  gündüz, həmçinin qarlı, yağışlı və s təyin etmək olar”. 

VR - virtual reallıq otağında “Z-Space” cihazlar quraşdırılıb. Təlimçi Şəbnəm Aşurlunun sözlərinə görə, bu cihazların daxilində müxtəlif tətbiqlər var və onlar müxtəlif fənlərə inteqrasiya olunub: “Bütün fənn müəllimləri bunlardan istifadə edə bilərlər. Məsələn, ekranda anatomiya, fizika, peşə məktəblərində tədris olunan fənlərə, o cümlədən, mexanikaya tətbiq etmək olar. Buradakı dərinlik effekti vasitəsilə biz obyektləri 3 ölçülü şəkildə görə bilirik. Bu da şagirdlərə daha effektiv öyrətməyə imkan yaradır”. 

İlkin olaraq, mərkəzə müxtəlif məktəblərdən sinifləri dəvət etmək planlaşdırılır. Kürə üzərində elm bölməsində müxtəlif fənlər, o cümlədən, iqtisadiyyat, coğrafiya, tarix və sair fənlərdən müəllim hər hansı dərs prosesini həmin sfera ətrafında təşkil edə bilər. 

“STEAM Mərkəzi”ndə məktəbəqədər yaşlı və ibtidai sinifdə oxuyan uşaqlar da nəzərə alınıb. Onlar üçün ayrılmış xüsusi otaqda alqoritmlər, ilkin alqoritkmik düşüncə, robototexnikanın əsasları öyrədilir. 

Mərkəzin dəhlizində nəhəng stol və stullar diqqətimizi çəkir. 1.85:1 miqyasında hazırlanmış nahar masası və stullar yetkin ziyarətçilərə böyük dünyada kiçik uşaq kimi yaşamağın necə bir duyğu olduğunu xatırladır. 

“STEAM İnnovasiya Mərkəzi”ndə ən qısa zamanda qeydiyyatın açılması gözlənilir. Bura onlayn platforma üzərindən qeydiyyatdan keçərək gəlmək mümkün olacaq. Hələ ki, bunun üçün hər hansı ödəniş nəzərdə tutulmayıb. Hazırda isə mərkəzdə çalışacaq personalın təlimləri davam edir. İngiltərədən gələn təlimçilərin fevralın sonunadək təlim keçəcəkləri məlumdur. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Gülnar Əliyeva

Foto-Video: Müzəffər İsmayılov