“Bu məsələdə Arif Əsədovluq bir şey yoxdur”- - Rauf Əliyev

bu-meselede-arif-esedovluq-bir-sey-yoxdur-
Oxunma sayı: 1225


- Artıq “Neftçi”dən rəsmən göndərildiniz. Nə baş verdi?

- “İnter”lə oyundan sonra əvəzedici heyətə göndərilmişdim. Orda da 1-2 dəfə məşq elədim. Sonra gördüm ki, alınmır. Getdim rəhbərliklə söhbət elədim və transfer vərəqəmi istədim. Onlar da razılaşdılar Komandadan rəsmi şəkildə ayrıldım.

- Sırf “İnter”ə 0:4 hesablı məğlubiyətə görə sizin ayrılmağınızı istədilər?

- Yox, səbəb bu deyildi. Ümumiyyətlə komandaya gələndən elə də yaxşı olmadı. “Neftçi”də çox az çıxış edirdim. Yəqin ki, rəhbərlik də bunu nəzərə alıb. Son vaxtlar ümumiyyətlə az çıxış edirdim. Şans verilmədi. Xəstələndim və qayıtdıqdan sonra da az oynadım. İstəmədiyim halda belə şeylər oldu. Amma haqqımda qərarı oynamamağıma görə veriblər. 

- Sizin haqqınızda verilən qərar baş məşqçi Arif Əsədovun, yoxsa rəhbərliyin istəyi idi?

- Məni ora Arif Əsədov çağırmamışdı. “Neftçi”yə bundan əvvəlki rəhbərliyin qərarı ilə getmişdim. Sadəcə Arif müəllim məni əvvəllər bir oyu oynatdı, sonra ehtiyata göndərdi. Mən isə hansı klubda olmuşamsa, əsas heyət üzvü kimi çıxış etmişəm. Burda ehtiyatda qalmaq çətin oldu və demək olar ki, “paslandım”.

- Rəhbərliklə söhbətiniz oldumu? Göndərilməyinizin səbəbini soruşmaq imkanı qazandınızmı?

- Əlbəttə ki, soruşdum. Amam konkret cavab verən olmadı. Dedilər ki, bu Müşahidə Şurasının qərarıdı. Mən də heç zaman heç bir klubla problem yaşamamışam. Buna görə də heç nə demədən ayrıldım. 

- Demək olarmı ki, Nikolas Kanalesin formaya düşməsi sizin komandadan sıxışdırıb çıxardı?

- Kanales də təzə qayıdanda fərqlənə bilmirdi. Amma məşqçi yenə də ona şans verdi. Nikolasın bəxti gətirdi və qollar vurdu. Buna görə də Arif Əsədov daim onu meydana buraxırdı və mənə tərəf heç baxmırdı. 

-  Artıq son 1 ildə 3-cü komandadır ki, ayrılırsız. “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi”...

- “Bakı”da hər şey qaydasında idi. Oyunum da yaxşı idi, daimi çıxış edirdim. Amma sonradan məlum səbəblərdən ordan ayrıldım. “Xəzər Lənkəran”da da şansım çox idi, sadəcə eyni problemlə üzləşdim. “Neftçi”də oynamamağımla bağlı komandadan ayrıldım. Lakin digər komandalarda belə olmamışdı.

- “Neftçi”də daxili vəziyyətin yaxşı olmadığı ilə bağlı xəbərlər var idi. Komandanın son 5 turda qələbə qazana bilməməsi də məhz bunun nəticəsi kimi dəyərləndirilirdi...

- Yox, elə ciddi problem yox idi. Mən bildiyim qədər nəsə ciddi bir şey olmamışdı. 

- Bütün bu hadisələr milli karyeranıza çox pis təsir edəcək...

- Onsuz da təsir edib. Millinin son oyununa dəvət almamışdım və böyük ehtimalla da qarşıdakı Serbiya ilə yoldaşlıq, Norveçlə AÇ-2016-nın seçmə mərhələ oyununa da çağırılmayacam. Çünki klubsuzam. Yəqin ki, millinin çalışdırıcısı Robert Prosineçki də bunu nəzərə alacaq. 

- Yeni təkliflər var?

- Yox, hələ ki, heç nə yoxdur. Mövsümün başa çatmasını gözləyirik. İnanıram ki, klubsuz qalmayacam. Yəqin ki, digər komandalardan təkliflər olacaq. İndi əsas məqsədim transfer vərəqmi götürməkdir.

- Digər futbolçularımız belə vəziyyətə düşəndə adətən Türkiyə PTT birinci liqasına üz tuturlar. Siz də ora gedə bilərsiz?

- Mümkündür. Sadəcə indidən nəsə demək istəmirəm.