Bu metroların yaxınlığındakı özəl mülklər plana düşür- - Foto

bu-metrolarin-yaxinligindaki-ozel-mulkler-plana-dusur-
Oxunma sayı: 6152


Bakının Xətai rayonunda “Həzi Aslanov” və “Əhmədli” metro stansiyalarının yaxınlığında, magistral yola yaxın tikilən müxtəlif iaşə obyektləri söküləcək. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Yeni Müsavat”a hökumətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, bir neçə il əvvəl hər iki metrostansiyanın həndəvərində yaşıllıq zolaqları məhv edilərək, torpaqlar ayrı-ayrı iş adamlarına, yüksək vəzifəli məmurlara satılıb.

Həmin ərazidə indiyədək xeyli obyekt, yaşayış və qeyri-yaşayış binaları tikilib. Hazırda da tikilməkdədir. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov artıq bir neçə ildir ki, Xətai rayonunda, xüsusilə də Əhmədli qəsəbəsinin ərazisində əsl yaşıl soyqırım həyata keçirir. 30-40 illik şam və küknar ağaclarını, zeytun meşələrini məhv etdirir, onların yerini kvadratmetrlə satır və beləcə, Bakının onsuz da ağır olan ekologiyasına bir yandan da icra başçısı öz “töhfəsini” verir. 

Oxucularımız üçün maraqlı olar deyə qeyd edirik ki, icra başçısı Razim Məmmədov 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktorudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2001-ci ildən isə Yeni Azərbaycan Partiyasının üzvüdür. 

***

“Həzi Aslanov” metro stansiyasının yaxınlığındakı  binalarda yaşayan sakinlər bildirdilər ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədov bu əraziləri 2006-cı ildə rayona başçı kimi təyin olunandan sonra satıb. 

“Mağazaların çoxu icarəyə verilib”

Obyektləri gələcəkdə plana düşəcək sahibkarlar isə “Yeni Müsavat”a bildirdilər ki, burdakı mağazaların çoxu icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Qalib Hacıyev adlı satıcının sözlərinə görə, Məhəmməd Hadi küçəsindəki ticarət obyektlərinin çoxu bir nəfərə məxsusdur: “Kimdən icarəyə götürdüyümüzü deyə bilmərəm. Obyekti götürüb, içərisini təmir edib geyim mağazası etmişəm. İki ildir hər ay 2500 manat icarə haqqı ödəyirəm. Burda yaşayanlar gedib bizdən Prezident Administrasiyasına şikayət etmişdilər. Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndələri gəldilər. Gördülər ki, bizlik bir şey yoxdur. Mağazaların söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Şəxsən mən burdan çıxandan təmirə xərclədiyim 18 min manatı tələb edəcəm”.

Satıcı bildirdi ki, işlədiyi mağazadan sonra burada 20-yə yaxın obyekt inşa ediblər: “Ağacları gecələr kəsirdilər. Səhər görürdük ki, ağacı kəsib yerini hasarlayıblar. O biri gün artıq obyektin təməlini qoyurdular. Bu ərazidə tikinti prosesi çox sürətlə getdi. Gecələr 40-50 illik ağacların 20-30-nu birdən kəsib yerini də satdılar”.

Yol genişləndirilir...

Aldığımız məlumata görə, “Həzi Aslanov” və “Əhmədli” metro stansiyaları ətrafında tikilən obyektlərin söküntüsü yolun genişləndirilməsi ilə bağlıdır. Nəqliyyat Nazirliyinin yolun genişləndirilməsi ilə bağlı təklif paketini də hazırladığı verilən məlumatlar içərisindədir. Eyni zamanda Bakı Metropoliteninin perspektiv inkişaf planı çərçivəsində yaxın beş ili əhatə edən Dövlət Proqramının tərkib hissəsinə çevrilmiş “Yaşıl xətt”in “Xətai-Həzi Aslanov-2" sahəsi artıq inşaat meydançasına çevrilib.

Sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaat işlərini davam etdirirlər .