“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edilib. Qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyəni 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri "erməni soyqırımı” kimi tanımağa çağırır. Ümid Partiyası hesab edir ki, Avropa Parlamentində bu qətnaməsi tarixi ədalətsizlikdir, qərəzlidir və həqiqəti əks etdirmir. Bunu təbliğ və təşviq edən ölkələrin çoxu zamanında hadisələrin baş verməsində böyük xidmətləri və günahları olmuş dövlətlərdir. 1915-ci ildə Türkiyədə yaşayan erməniləri xəyanətə sövq etməklə həmin dövlətlər türklərin də kütləvi şəkildə qırğınına səbəb olublar. Təəssüflər olsun ki, Avropa Parlamenti erməni daşnaklarının 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə, habelə indi Ermənistan adlanan ərazidə, öz dədə-baba yurdlarında azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəşiliklərə, qanlı etnik təmizləməyə, əsasən də yaxın tarixdə baş verən Xocalı soyqırımına hələ də münasibət bildirməyib. Partiya bəyan edir ki, Ermənistanın əsassız iddialarına dəstək verən bu qətnamə regionda gərginliyin, dini və milli ədavətin artmasına səbəb olur, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə maneçilik törədir, beynəlxalq qurumların obyektivliyini şübhə altına alır, onlara olan inamı sarsıdır.
Son xəbərlər
Son Xəbərlər