“Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlət başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.
Prezident əlavə edib ki, bu tədbir (COP – red.) qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır:
“Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik”.