“Bu mövsüm narazı qaldığım yeganə oyun oldu” - Rəşad Sadıqov

bu-movsum-narazi-qaldigim-yegane-oyun-oldu
Oxunma sayı: 2361

“Bilirdik ki, "Neftçi" ilk dəqiqələrdən hücuma köklənəcək. Dünən "Qarabağ" xal itirdiyi üçün onlar üçün əlavə motivasiya oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:4 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, mövsümün ən zəif oyununu keçirdiklərini bildirib:

"İlk hissədə bəzi təhlükəli hücumları olurdu. İkinci hissədə dəyişikliklərlə oyunu dəyişmək istədik. İstədiyimiz alınmadı. Rəqib buraxılan boşluqlardan istifadə etdi. İlk oyunum idi ki, sona qədər mübarizə aparmadan uduzduq. Mövsümdə 2-3 zəif oyun olur ki, bu da onlardan biri idi. Futbolçuları da başa düşməyə çalışıram. Bəlkə də, bu mövsüm narazı qaldığım yeganə oyun oldu”.

R.Sadıqov fasilədən sonra etdiyi əvəzləmələrə belə aydınlıq gətirib:

"Bəzi oyunçuları istirahətlə oynatmağı düşünürük. Nəzərə alaq ki, "Keşlə" ilə üç gün sonra kubok oyunumuz var. Risk etdik. Qarşıda bizi çətin marafon gözləyir. 3-4 gündən bir oyunlarımız olacaq. Nəyisə qurban verməyə məcburuq. Bu gün sırf bu matçı düşünmürdük.

Qarşıdakı görüşləri də düşünməyə məcbur idik. Birinci hissədə qol buraxmamışdıq, ikinci hissədə rəqibi əks-hücumlarda yaxalamağı düşündük. Amma "Neftçi", "Qarabağ" kimi rəqiblərlə ucuz qol buraxmamalısan. İlk qol komandaya psixoloji cəhətdən təsir etdi. Ondan sonra "Neftçi" meydanda rahat dominantlıq etdi".

Baş məşqçi hər iki cəbhədə mübarizə aparmağa məcbur olduqlarını qeyd edib:

"Ölkə kubokunda finala vəsiqə avrokuboklara vəsiqəni də təmin edə bilər. Həm rəhbərlik, həm də azarkeşlər hər iki cəbhədə uğurlu olmağımızı istəyir. Problemlərdən çox danışmağı xoşlamıram. Birdən-birə 11 oyunçu koronavirusa yoluxmuşdu. Komanda tam tərkibdə məşq keçə bilmirdi. Hələ zədəliləri saymıram. Bundan sonra hər matça ən yaxşı formada çıxmağa çalışacağıq. Bu gün isə "Neftçi" layiqli qələbə qazandı. Düşünürəm ki, çempionatda son illərin ən maraqlı sonluğu gözləyir".

R.Sadıqov qarşıdan gələn oyunlara görə var güclərini ortaya qoya bilmdəiklərini əlavə edib:

"Bu mövsüm keçirdiyimiz ən uğursuz oyun idi. Burada müsbət məqam tapmaq çətindir. Klesio Bauk yaxşı oynadı, bu məni sevindirir. Son vaxtlar oyunu alınmırdı. "Neftçi"yə qarşı uğurlu olduğumuz sistemdən istifadə etmədim. 4 yarımmüdafiəçidən istifadə edirdik.

Amma bu gün belə oynada bilməzdim. Çünki rotasiya etməsəydik, "Keşlə" önünə hazır olmayacaqdıq. Bu gün var gücümüzlə oynamadıq. Mənim də yetərincə səhvlərim var. Amma məşqçi kimi qarşıdakı oyunları da nəzərə almalı idim".