“Bu müəssisələr İnstaqram, TikTok, Teleqramdan aktual istifadə etmirlər” - Fotolar

bu-muessiseler-instaqram-tiktok-teleqramdan-aktual-istifade-etmirler
Oxunma sayı: 2290

Artıq bir neçə ildir ki, Azərbaycanda Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil institutlarının informasiyalarına çıxış media üçün əlçatandır. Bu təsisatların hamısında ictimaiyyətlə əlaqələrə məsul qurumlar fəaliyyət göstərir. Lakin buna baxmayaraq, hələ də sosial media hesablarının aktivliyi, operativ məlumat kanallarının olmaması ilə bağlı müəyyən problemlər qalmaqdadır. 

“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi “Effektiv kommunikasiya” mövzusunda bugünkü təlim-seminarı məsələlərin müzakirəsinə həsr olunub. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib ki, elm və təhsil sahəsi 2 milyondan artıq insanı əhatə edir. Media orqanlarında gündəlik olaraq elm və təhsillə bağlı müxtəlif - pozitiv və neqativ məsələlər dərc olunur: “Elm və təhsil müəssisələri gündəlik səmərəli fəaliyyət göstərir, nailiyyətlər əldə edir. Bunların fəaliyyətləri ilə bağlı xəbərlərin 1, maksimum 2 gün ömrü olur. Lakin kimsə qeyri-etik hərəkət edirsə, bu, uzun müddət xəbər gündəmini tutur. Əsas məsələ qalır kənarda, buna fokuslanılır. Ona görə də, prinsiplərin idarə olunması məsələsi çox vacibdir. Bu məsələyə də təlimdə xüsusi diqqət verilməlidir”. 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı təlimlər davamlı olaraq həyata keçirilir. Cəmiyyətin maariflənməsi, media savadlılığı istiqamətində işlər görülür. MEDİA Agentliyinin nizamanəsində bu məsələ agentliyin səlahiyyətlərinə aid edilib: “Media savadlılığı inkişaf etmədikcə problemlər yaşayacağıq. Biz müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər keçiririk. Media savadlılığının gücləndirməsi üçün vacib addımlar atılır”.

Təlimdə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli son zamanlar sosial mediada ən çox dünyanın düz olması ilə bağlı müzakirələrin olduğuna diqqət çəkib. Bildirib ki, bunlar bizim elmlə bağlı çox ciddi problemlərimizin olmasını göstərir.

Elmə marağı artırmaq lazım olduğunu dilə gətirən müşavir qeyd edib ki, təşviqedici məlumatlar çox hazırlanmalıdır. Hazırda təhsil müəssisələrinin media rəhbərlərinin üzərinə düşən əsas iş elmin populyarlaşdırılmasıdır.

Elmi müəssisələrin, universitetlərin sosial media hesablarının təhlili ilə bağlı danışan elm və təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, bu müəssisələrin sosial şəbəkə hesablarında paylaşımlarda bəzi problemlər var. Onlar çox vaxt davamlı xarakter daşımır. Bu sahədə İnstaqram, TikTok kimi gənclərin ən çox toplaşdığı platformalar, teleqram kanalları o qədər də aktual deyil: “Biz çox hallarda paylaşımlarda həştəqlərdən istifadə olunmadığını görürük. Elə təhsil müəssisələri var ki, sosial şəbəkə hesablarında təhsil müəssisələrinin loqoları dəyişdirilməyib. Universitetlərin səhifələrində xəbər mətnlərinin çox uzun olmasının şahidi oluruq. Belə olanda xəbərlər oxunmur. Həmçinin peşəkar fotoqraf probleminə diqqət çəkmək lazımdır”.

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev təlimdə çıxış edərək bir qrup institutun veb-saytlarını yeniləməməsinin əsas səbəblərinə diqqət çəkib. O bildirib ki, bu, maliyyə ilə bağlıdır və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaranmaması da bu işləri gecikdirir. R. Əliquliyev qeyd edib ki, həmçinin loqoların yenilənməməsi ilə bağlı problem də bu məsələlərdən qaynaqlanır.

Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova feyk məlumatları doğru informasiyadan ayırmalı olduğumuza diqqət çəkib: “Həyatımıza internetin daxil olması media savadlılığını şərtləndirdi və onu aktual etdi. Medianın arxa planında informasiya verən resurs dayanır. Medianın işi informasiya ötürməkdir. Media savadlıllğı isə onu analiz və təhlillə qəbul etməkdir. Biz medianın doğru-yanlış olduğunu necə seçməliyik? Media bizə bu bacarlıqları verir. Təhlil etməklə feyk informasiyanı müəyyən edə bilərik. Biz agentlik olaraq cəmiyyətin bütün üzvlərini zərərli informasiyadan qorumağa çalışırıq”. 

Tədbirdə digər çıxışçılar uğurlu kommunikasiyaların qurulması, effektiv təqdimat bacarıqları, şəxsi və peşəkar inkişaf və digər mövzularda müzakirələr aparıblar.  

Gülnar Əliyeva

Foto: Müzəffər İsmayılov