Bu ölkədə 3,4 milyona yaxın insan aclıq təhlükəsi altındadır

bu-olkede-34-milyona-yaxin-insan-acliq-tehlukesi-altindadir
Oxunma sayı: 1211

Myanmada hərbi çevriliş və etiraz aksiyaları fonunda yaşanan böhrana görə 3,4 milyona yaxın insan aclıq təhlükəsi altındadır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Ümumdünya Ərzaq Proqramının Myanma üzrə rəsmisi Stiven Anderson bildirib.

Onun sözlərinə görə, çevrilişdən sonra ölkədə həyat xeyli bahalaşıb, işsizlik artıb.

Anderson deyib ki, çevriliş və vətəndaş itaətsizliyi səbəbindən istehsal, tikinti, qida sənayesi və xidmət sahəsi əhəmiyyətli dərəcədə azalıb.

“Əgər birgə addımlar atılmasa, növbəti 3-6 ay ərzində Myanmada azı 3,4 milyon insan əsas qida məhsullarına olan tələbatını qarşılamaqda çətinlik çəkəcək”, - təşkilatın nümayəndəsi qeyd edib.

O bildirib ki, çevrilişdən sonra ölkədə düyünün qiyməti 5 faiz, yağın qiyməti isə 18 faiz artıb.

Anderson Dünya Qida Proqramının regionda humanitar fəaliyyəti gücləndirəcəyinə əminliyini ifadə edib.