Kanadanın qərb ştatlarında yüksək temperatur səbəbindən 63 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər, əsasən, Britaniya Kolumbiyası ştatının Surrey, Börnabay və Vankuver şəhərlərindən olan yaşlılardır.
Mütəxəssislər Britaniya Kolumbiyası, Alberta, Yukon və Şimal-qərb bölgəsi ştatında müşahidə olunan isti havanı “istilik günbəzi” adlandırırlar.
Hələ də Britaniya Kolumbiyası və Albertanın bəzi bölgələrində isti temperatur müşahidə olunmaqdadır. Son olaraq Layton kəndində dünən 47,9 dərəcə isti qeydə alınıb ki, bu, ölkədə bugünədək ölçülən ən yüksək temperaturdur.
Kanada Meteorologiya Xidmətləri sabahdan etibarən yeni rekord istilərin qeydə alınacağı barədə xəbərdarlıq edib.
Yaşlılar, uşaqlar, açıq havada işləyənlər, evsizlər və əvvəlcədən sağlamlıq problemi olanların yüksək temperatur səbəbindən xəstəlik və ölüm baxımından risk altında olduqları bildirilib, açıq havada uzun müddət qalmamaları tövsiyə edilib.
Son xəbərlər
Son Xəbərlər