Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildi

bu-olkede-de-qadinlarin-orduda-xidmet-etmesine-icaze-verildi
Oxunma sayı: 3184

Səudiyyə Ərəbistanından sonra Küveytdə də qadınların ordu sıralarında xidmət etməsinə icazə verilib. Artıq bu ölkədə zərif cinsin nümayəndələri zabit qismində hərbi əməliyyatlarda da iştirak edəcəklər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, Küveytin müdafiə naziri Həməd Cabir əl-Əli əl-Sabah silahlı qüvvələrin qapısının qadınlar üçün açıq olduğunu bildirib:

"Küveytli qadınların öz qardaşları ilə çiyin-çiyinə hərbi xidmət keçməsinin vaxtı çatıb. Mən zərif cinsin nümayəndələrinin gücünə və hərbi təlimlərdə kişilərlə yanaşı layiqli iştirak edəcəklərinə inanıram".

Qeyd edək ki, Küveytdə qadınlara 2005-ci ildə seçkilərdə iştirak etmək hüququ verilib. Onlar hazırda hökumətdə və parlamentdə təmsil olunurlar. 2008-ci ildə isə onların polis orqanlarında xidmət etməsinə icazə verilib.